“Yaxın vaxtlarda sülh danışıqlarının aktiv fazaya daxil olması görünmür” Gündəm

“Yaxın vaxtlarda sülh danışıqlarının aktiv fazaya daxil olması görünmür”

“Təəssüf ki, Azərbaycan və Ermənistan arasında olan sülh danışıqları faktiki olaraq dayandırılmış təsir bağışlayır. Ən vacib olan bu idi ki, görüşlərdən də əvvəl nəzərdə tutulmuşdu ki, delimitasiya və demarkasiya işləri başlansın. Bəzən qış mövsümünün bitməsini gözləyirdilər, amma yaz da, yay da gəldi, heç delimitasiya və demarkasiya işləri ilə bağlı hər iki tərəfdən komissiyanın fəaliyyəti yoxdur. Bunu nə ilə izah etmək olar? Ermənistanda parlament seçkilərinə 1 il qalıb və bu 1 il müddətində daxili gərginlik hər gün artır, burada xaricdən və daxildən təsirlər çoxdur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.

İ.İsmayıl əlavə edib ki, Rusiya yönümlülər, Rusiya dövlətinin rəsmilərinin bir-birinin ardınca Ermənistana səfəri, təhdid dolu bəyanatlar, açıqlamalar, yəni faktiki olaraq Paşinyan hakimiyyəti bu saat daha çox hakimiyyətinin qorunması, saxlanması üçün çalışır, nəinki Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün: “Azərbaycanla sülh müqaviləsinin imzalanmasında da Ermənistan tərəfdə indiki halda deyirlər heç bir maneə qalmayıb, amma Azərbaycanın şərtləri yerinə yetirilməyib. Yəni ki, referendum keçirilməlidir, o referendumda konstitusiya dəyişikliyi olmalıdır, Azərbaycana qarşı olan ərazi iddiaları aradan qalxmalıdır. Yəni o müstəqillik deklarasiyasına istinad olmamalıdır. Bu gün dünyada Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda daha çox diqqət ora yönəlib, müəyyən mənada Yaxın Şərqə, ABŞ İran münasibətlərinə. Ona görə də Azərbaycan Ermənistan arasında hərbi gərginlik olmadığı üçün daha çox indi aktiv danışıqlar yoxdur. Aktiv danışıqlar yəqin ki, Ermənistanda parlament seçkilərindən sonra gələn ildən mümkündür. Lakin o vaxta qədər Ermənistan daxili gərginliklərlə müşahidə oluna bilər”.

Politoloq vurğulayıb ki, hətta seçkiyə qədər Paşinyanı aradan götürmək cəhdləri də ola bilər: “Sui-qəsdən tutmuş kütləvi etirazlar yaratmaq və təbii ki, özlərinin dediyi kimi Rusiyanın köməyi ilə. Rusiya da bunda maraqlıdır, amma Ermənistanda müxalifət arasında konkret bir lider olmadığına görə onlarda dalana dirənmiş vəziyyətdir. Ona görə də Rusiya bəzən Paşinyana təzyiq edir ki, hakimiyyətdə olanı öz tərəfinə çəksin. Paşinyan da bunu hiss edir, onun üçün də son dövrlərdə Rusiya ilə bir az yumşaq münasibətlər saxlamağa çalışır. Hər halda yaxın vaxtlara Azərbaycan-Ermənistan münasibətlərində sülh danışıqlarının başlanması, aktiv fazaya daxil olması görünmür”.

Röya İsrafilova