Bəhreyndə Azərbaycan səfirliyinin açılması strateji və çoxplanlı əhəmiyyət daşıyır – Elçin Mirzəbəyli Gündəm

Bəhreyndə Azərbaycan səfirliyinin açılması strateji və çoxplanlı əhəmiyyət daşıyır – Elçin Mirzəbəyli

Bəhreyndə Azərbaycan səfirliyinin açılması kifayət qədər strateji və çoxplanlı əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bunun izahını bir neçə əsas istiqamətdə vermək olar:
“Birincisi, bu addım Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsinin genişlənməsi deməkdir. İndiyədək Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətərlə diplomatik münasibətlərimizi gücləndirmişdik, indi isə Bəhreynin əlavə olunması Bakı üçün bütün Körfəz ölkələri ilə əlaqələrin tam siyasi-institusional əsasda qurulması anlamına gəlir.
İkincisi, iqtisadi tərəfi nəzərə almaq lazımdır. Bəhreyn kiçik ölkə olsa da, maliyyə mərkəzi statusuna malikdir və Körfəz kapitalının idarə olunmasında mühüm rolu var. Burada səfirliyin açılması Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusilə turizm və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi imkanını açır.
Üçüncüsü, Bəhreyn həm İslam Əməkdaşlıq Təşkilatında, həm də ərəb dünyasında Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrdən biridir. Qarabağ məsələsində də Bakının mövqeyinə ardıcıl dəstək göstərib. Bu dəstəyi institusional əməkdaşlıqla möhkəmləndirmək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqelərinin regionda daha geniş rezonans tapmasına kömək edəcək”.
Deputat qeyd edib ki, bu qərar həm də simvolik və ideoloji mesajdır.
“Azərbaycan müsəlman dünyasında həmrəyliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini bir daha təsdiqləyir”, - deyə E.Mirzəbəyli çıxışını yekunlaşdırıb.