“ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı tərəfdir” Gündəm

“ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı tərəfdir”

“ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı tərəfdir. Ötən ay Vaşinqtonda imzalanan sənədlərdə də məhz bu dəhlizin reallaşması ilə bağlı ümumi istiqamətlər, hətta konkret öhdəliklər də müəyyənləşdi. Çünki ABŞ Zəngəzur dəhlizinin Ermənistan hissəsini 99 il müddətinə icarəyə götürmək niyyətindədir. Azərbaycan Zəngəzur dəhlizinin özünə aid olan hissəsini bu istiqamətdə hansısa bir maliyyə yardımı olmadan, dövlət büdcəsinin vəsaiti hesabına inşa edir, qurur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.

V.Bayramov Azərbaycan dövlətinin Zəngəzur dəhlizinin Azərbaycan hissəsində əhəmiyyətli iş həyata keçirdiyini vurğulayıb: “Dəmir yolunun növbəti ilə hazırolacağı gözlənilir. Bu baxımdan Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı inşaat işlərini öz maliyyə vəsaitləri hesabına həyata keçirir. Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı qərarı, təbii ki, Ermənistanın öz qərarıdır. Amma digər tərəfdən Azərbaycanla ABŞ arasında strateji müttəfiqlik var. Donald Trampın yenidən prezident seçilməsi ölkələrarası münasibətlərin inkişafına xüsusi bir təkan verdi və təbii ki, cənab Prezident İlham Əliyevin Vaşinqtonda yüksəksəviyyəli qəbulu, eyni zamanda, Tramp tərəfindən məhz cənab Prezidentə ünvanlanan məktub, eləcə də Ağ Evdə çəkilən şəkillərin Tramp tərəfindən Azərbaycan Prezidentinə təqdim olunması bütün bunlar yüksək qiymətləndirilir. Bu, ondan xəbər verir ki, ölkələr arasında münasibətlər kifayət qədər stratejidir və artan dinamika ilə inkişaf edir”.

Deputat eləcə də qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır: “Ona görə də Ermənistan hissəsinin ABŞ tərəfindən icarəyə götürülməsi Azərbaycan üçün hər hansı bir risk formalaşdırmır. Əksinə, bu, Zəngəzur dəhlizinin daha qısa bir zamanda reallaşmasına gətirib çıxara bilər”.

Röya İsrafilova