

“I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və Forum çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında imzalanan “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişinin əhəmiyyəti barədə fikirləri bir neçə aspektdən qeyd etmək olar. Forum ölkəmizin qlobal investorlar üçün etibarlı və açıq platforma olduğunu göstərir. Burada müxtəlif ölkələrdən gələn dövlət rəsmiləri və biznes nümayəndələri birbaşa dialoq aparmaq imkanı əldə edirlər”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli söyləyib.
A.Nəsirli qeyd edib ki, Forum həmçinin enerji, infrastruktur, texnologiya, kənd təsərrüfatı və maliyyə kimi sahələrdə strateji tərəfdaşlıqların təməlini qoyur: “Azərbaycan beynəlxalq arenada iqtisadi diplomatiyanı gücləndirərək özünü regional iqtisadi lider kimi təqdim edir. “Şəhər içində şəhər” konsepsiyası üzrə sazişin əhəmiyyətinə gəldikdə, urbanizasiya və müasir şəhərsalma baxımından bu layihə Bakıda yeni nəsil şəhərsalma modelinin tətbiqinə imkan yaradacaq. Yəni yaşayış, biznes, əyləncə, texnologiya və xidmət sahələrinin bir məkanda inteqrasiya olunması planlaşdırılır. Layihə yalnız daşınmaz əmlak deyil, həm də “Ağıllı şəhər” (smart city) texnologiyalarının tətbiqini nəzərdə tutur. Bu, şəhərin idarə olunmasında rəqəmsal həllərin genişləndirilməsinə səbəb olacaq”.
Ekspertin sözlərinə görə, BƏƏ-nin iri holdinqlərinin Azərbaycanda uzunmüddətli layihələrə qoşulması həm iqtisadi etimadın göstəricisidir, həm də əlavə maliyyə və texnoloji resursların ölkəyə gətirilməsi deməkdir: “Belə layihələr inşaat, xidmət, logistika və digər sektorlar üçün minlərlə yeni iş yeri yarada bilər. Bu saziş Azərbaycan üçün BƏƏ kimi güclü maliyyə mərkəzi ilə strateji əməkdaşlıq imkanı açır. Layihə həm də ölkənin post-neft iqtisadiyyatının inkişafına uyğun olaraq diversifikasiya prosesinə xidmət edir. Azərbaycanın regionda “dayanıqlı şəhər inkişafı” modeli yaratmaq iddiasını da gücləndirir. Yəni Forum Azərbaycanın beynəlxalq biznes aləmində mövqeyini möhkəmləndirir, imzalanan saziş isə konkret olaraq Bakının gələcək inkişafına, xarici sərmayənin artmasına və ölkənin beynəlxalq imicinə mühüm töhfə verir”.
Röya İsrafilova