Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50

Cənubi Qafqazda son aylarda müşahidə olunan siyasi və iqtisadi dinamika regionun gələcək inkişaf istiqamətinə işıq tutur. ABŞ-da Prezident Donald Trampın təşəbbüsü ilə keçirilən görüşdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında əldə olunan razılaşmalar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsinə şərait yaradıb. Tranzit xətlərinin bərpası və yükdaşımaların Azərbaycanın üzərindən həyata keçirilməsi, Ermənistanın iqtisadi və nəqliyyat baxımından regiona inteqrasiyasına yeni imkanlar açır. Lakin İran və Rusiya kimi qonşu ölkələrin dəhliz və tranzit məsələlərinə narazılığı, həmçinin İrəvanda davam edən mürəkkəb siyasi durum, prosesin hələ də tam stabilləşmədiyini göstərir. Bu kontekstdə regionda yeni reallıqların formalaşması və tərəflərin strateji maraqlarının yönləndirilməsi diqqət mərkəzindədir.
Cənubi Qafqaz regionu üçün geniş imkanlar
“Xalq Cəbhəsi”nə açıqlama verən politoloq Əli Oruclu bildirib ki, ABŞ-da Prezident Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın 8 avqustda keçirilən görüşü və əldə olunan razılaşmalar Cənubi Qafqaz regionu üçün geniş imkanlar açıb. Bu, həm də Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsinə təkan verir. Lakin İran və Rusiya dəhlizin açılması məsələsində hələ də narazılıq nümayiş etdirir və İrəvanda mürəkkəb vəziyyət yaradıb”.
Onun sözlərinə görə, tranzit xəttlərinin bərpa olunması Ermənistanın işğalçı siyasətindən tədricən çıxmasına və regionda inteqrasiyanın genişlənməsinə xüsusi əhəmiyyət kəsb edir: “Riyadan və Qazaxıstandan gələn məhsullar artıq Azərbaycanın üzərindən Ermənistana çatdırılır. Azərbaycandan yanacaq dolu 22 vaqon da yola salınıb və artıq təyinat yerinə çatıb. Ermənistanın xilas yolu sülh sazişinin bağlanması və Bakının tələblərinin yerinə yetirilməsindən keçir. Vaşinqton sammiti Moskvanı qane etməsə də, Rusiya Cənubi Qafqazdakı proseslərdən kənarda qala bilməz.Rusiya özünün ticari, siyasi və logistika maraqlarını qorumaq istəyir. Ermənistan Dəmir Yolu Rusiyanın balansındadır və yükdaşımalarından böyük qazanc əldə edir. Paşinyan üçün ölkəsinin iqtisadi və nəqliyyat şaxələndirməsi prioritetdir. Bununla yanaşı, iqtisadi və ticari əlaqələrin genişləndirilməsi digər sahələrdə də inteqrasiyanın güclənməsinə şərait yaradır”.
Ə.Oruclu vurğulayıb ki, Putin postsovet ölkələrini yenidən bir çətir altında birləşdirmək planı region üçün potensial risklər yaradır və diqqətlə izlənməlidir.
“Müxalif sülhpərvərlik tənqidlərini neytrallaşdırmaq məqsədi”
Politoloq Elman Telmanoğlu XalqCebhesi.az-a açıqlamasında bildirib ki,“Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasını bir neçə siyasi müstəvidə qiymətləndirmək mümkündür.
Telmanoğlu qeyd edib ki, birincisi, Paşinyan Rusiya qarşısında sülh gündəmini “praktik dividendlər”lə əsaslandırmağa çalışır: “O, Azərbaycanla sülh prosesinin Ermənistan üçün təkcə təhlükəsizlik deyil, həm də iqtisadi və nəqliyyat baxımından real faydalar yaratdığını vurğulayır və Moskvanın skeptik yanaşmasının qarşısını almağa çalışır. Qatarların Azərbaycan üzərindən tranzitlə hərəkətə başlaması bunun simvolik deyil, konkret nəticə verdiyini göstərir.
İkincisi, bu bəyanat Ermənistanın Rusiyaya verdiyi siyasi mesajdır. Paşinyan dolayısı ilə bildirir ki, Bakı ilə münasibətlərin normallaşması Rusiyanın regiondakı iqtisadi və logistik maraqlarına da xidmət edir. Yəni sülh prosesi Rusiyanı regiondan sıxışdırmır, əksinə ona yeni imkanlar açır. Bu, Kremlin Ermənistanın Qərbə meyilli siyasətindən doğan narahatlığını yumşaltmaq cəhdidir.
Üçüncüsü, Paşinyan Azərbaycan faktorunun regionda açar rolunu etiraf etmiş olur. Ermənistanın Rusiyaya quru bağlantısının məhz Azərbaycan üzərindən bərpa olunması Bakının regional kommunikasiya və nəqliyyat arxitekturasında mərkəzi mövqeyini bir daha təsdiqləyir. Bu faktiki olaraq Azərbaycanın postmünaqişə dövründə diktə etdiyi yeni reallıqların qəbul edilməsi deməkdir”.
Telmanoğlu əlavə edib ki, açıqlama Ermənistanın daxili auditoriyasına da yönəlib. Paşinyan sülh sazişinin ölkəni blokadadan çıxaracağını, iqtisadi nəfəs aldıracağını və alternativsiz olduğunu göstərməyə çalışır. Rusiya ilə münasibətlərin yaxşılaşması arqumenti isə daxildəki müxalif sülhpərvərlik tənqidlərini neytrallaşdırmaq məqsədi daşıyır.
Ümumilikdə Paşinyanın açıqlaması Ermənistanın məcburi şəkildə yeni regional reallıqlara uyğunlaşdığını və sülh prosesini həm Rusiyaya, həm də daxili ictimaiyyətə “qazan-qazan” modeli kimi təqdim etməyə çalışdığını nümayiş etdirir”.
Günel Elxan