Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50

Bir müddət öncə dabaq xəstəliyi ilə bağlı respublikanın bir neçə rayonunda heyvandarlıq fermalarının fəaaliyyəti dayandırıldı. Bu da ət məhsullarının qıtlığına və eyni zamanda bahalaşmasına gətirib çıxarıb. Rəsmi məlumatlara istinadən deyə bilərik ki, bu boşluqların aradan qaldırılması ilə bağlı ölkəmizə xaricdən ət idxalı prosesi sürətləndirilir.
“Xalq Cəbhəsi” məsələ ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.
“Subsidiyalaşma layihələrinə yenidən baxılmalıdır”
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖİB) sədri Ruslan Atakişiyev söyləyib ki, ölkədə son dövrlər iribuynuzlu və xırdabuynuzlu mal qaranın kənd təsərrüfatı sahəsində yerli tələbatı ödəyə bilməməsi səbəbi ilə müxtəlif xarici ölkələrdən idxal həyata keçirilir: “Bu əsasən Belarusiya, Hindistandır. Həmçinin hazır qida məhsulları da çeşidli şəkildə digər ölkələrdən idxal olunur. Ümumiyyətlə, Azərbaycanda daxildə istehsalla, maldarlıqla bağlı yem ehtiyatlarının qiymətlərinin bahalaşması və bunun çox zaman kəndlilərə sərf etməməsi, örüş yerlərinin azalması, o cümlədən heyvana baxımla bağlı, məsələn, onun xəstəliyi, dərmanı bu kimi məsələlər kiçik ev təsərrüfatlarında heyvanların sayının azalmasına gətirib çıxarır. Məhz bu səbəbdən də gələcəkdə bu sektorun inkişaf etdirilməsi üçün subsidiyalaşma ilə bağlı layihələrə yenidən baxılmalıdır. Daha dərindən araşdırılıb müvafiq tədbirlər həyata keçirilməlidir”.
“Heyvanların sayında azalma var”
İqtisadçı ekspert Xalid Kərimli söyləyib ki, idxal ona görə artır ki, ətin qiymətləri daxili bazarda yüksəlir və buna görə də idxalçılar idxalı sərfəli görürlər: “Yəni baxırlar ki, bu qiymətə idxal edib, alıb gətirsələr, sata bilərlər. Ətin bahalaşması idxalı stimullaşdırır. Yerli heyvandarlıq hesabına indiki göstəricilərlə tələbatı ödəmək mümkün deyil. Hətta idxal olmasa, qiymətlər daha da bahalaşa bilər. Yəni əgər ət idxalı olmasa, ilkin məqamda qiymətlər ən azı 40-50 faiz daha baha ola bilər və sonra da bahalaşma davam edər. Çünki ölkədə saxlanılan heyvanların sayında azalma müşahidə olunur. Son 10 ildə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında kəskin azalma var. Əhalinin tələbatı isə artır. Əhalinin ətə olan tələbatı artır, baxmayaraq ki, qiymət artır. Görünür ki, insanların gəlirləri də artır deyə ət kəsiminə olan tələbat artır. Yəni bu nüans var. Ona görə də ət bahalaşır, saxlanılan heyvanların sayı azalır, ətə olan tələbat artır. Ona görə də idxal artır. İdxal olmasa, daha da baha olar. İnsanların ətə əlçatımlığı daha da aşağı düşər. Qiymətlər indiki qiymətlərdən 50-60 faiz ilkin dövrdə daha baha olar”.
“Heyvandarlıq inkişaf etməlidir”
X.Kərimli bildirib ki, ölkə heyvandarlığı inkişaf etdirsə, əhalinin tələbatını ödəmək mümkündür: “Amma çox təəssüf ki, heyvandarlıq sahəsində son dövrlər tənəzzül müşahidə edirik. Əgər 2016-2017-ci ildə ölkədə 8,8 milyon baş qoyun keçi saxlanılırdısa, indi bu düşüb 7 milyondan aşağı, 6,8 milyona və əhalinin də tələbatı 10 ildə 25 faiz artıb. Görünür, qoyunların sayı 2 milyon aşağı düşüb, amma tələbat əksinə 25 faiz artıb. Maldarlıqda da bu var. Təqribən son 5 ildə 10 faizə qədər azalma var, amma yenə də əhalinin tələbatında yüksəlmə var. Heyvandarlıq inkişaf etməlidir. Heyvandarlığın inkişaf etməsində qiymətlərin qalxması buna müsbət təkan verir. Sahibkar baxır ki, qiymətlər yüksəkdir, pul qazanmaq mümkündür o zaman bu sahəyə investisiya qoyacaq. Amma ümumi şəkildə qiymətlər artacaq. Çünki boş otlaq sahələri demək olar ki, yoxdur. Qarabağ və Şərqi Zəngəzur qayıdanda ümidlər vardı ki, orada heyvandarlıq inkişaf edəcək, boş sahələr çoxdur. Amma digər ərazilərdə boş sahələr yoxdur, ya da azdır. Ya əkinçilik, bostançılıq, bağçılıq var və yaxud da şoran torpaqlardır. Torpaqların yarısı şoran vəziyyətdədir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Azərbaycanda son illər mal və qoyun ətinin idxalının artmasının əsas səbəbi yerli istehsalın daxili tələbatı tam ödəyə bilməməsidir: “Heyvandarlıq sahəsində problemlər uzun müddətdir mövcuddur və bu, ət bazarında özünü daha qabarıq göstərməyə başlayıb. İlk növbədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Otlaq sahələrinin daralması, torpaqların bir hissəsinin kənd təsərrüfatından kənar istifadəyə verilməsi, suvarma və yem bazası ilə bağlı çətinliklər fermerlərin heyvan saxlamaq imkanlarını məhdudlaşdırır. Yem məhsullarının bahalaşması da heyvandarlığın maya dəyərini artırır və bir çox təsərrüfat üçün bu sahəni rentabelsiz edir”.
O deyib ki, digər mühüm amil kənd yerlərindən şəhərlərə miqrasiyadır: “Əmək qabiliyyətli insanların kənd təsərrüfatından uzaqlaşması heyvandarlıqla məşğul olanların sayını azaldır. Nəticədə, həm heyvanların saxlanması, həm də onların artırılması zəifləyir. Bu da yerli ət istehsalının həcminə birbaşa təsir edir”.
Onun sözlərinə görə, eyni zamanda, əhaliyə düşən ət istehlakı azalmaq əvəzinə stabil qalır, bəzi hallarda isə artır: “Əhali sayı və şəhərləşmə prosesi fonunda bazarda ətə tələbat yüksək olaraq qalır. Yerli istehsal bu tələbi qarşılaya bilmədikdə isə boşluğu idxal hesabına doldurmaq zərurəti yaranır. Bu səbəbdən həm diri mal-qara, həm də hazır ət məhsullarının ölkəyə gətirilməsi artır. Mövcud şəraitdə yerli istehsalla daxili tələbatı tam ödəmək çətindir. Bunun üçün heyvandarlıqda məhsuldarlığın artırılması, yem istehsalının genişləndirilməsi, fermerlərə real və davamlı dəstək mexanizmlərinin qurulması vacibdir. Bu addımlar atılmadığı müddətdə idxaldan asılılıq qalacaq və ət bazarında qiymət təzyiqləri davam edəcək”.
Röya İsrafilova