08:24
588
“2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçilik baxımından keyfiyyətcə yeni mərhələyə daxil olub. Postsovet keçid problemləri və regional risklər fonunda idarəetmədə davamlılıqla yenilənmənin paralel aparılması ölkəni siyasi sabitlik və institusional güclənmə yoluna çıxarıb. Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik kursu müasir çağırışlara uyğun şəkildə yenidən şərh edilib, mərkəzləşdirilmiş və funksional idarəetmə modeli iqtisadi planlaşdırma, sosial siyasət və regional inkişaf üçün etibarlı baza yaradıb. Enerji gəlirlərinin məqsədli istifadəsi, sosial rifahın mərhələli şəkildə artırılması və vətəndaş–dövlət münasibətlərində sosial məsuliyyətin gücləndirilməsi siyasi legitimliyin əsas sütunlarından birinə çevrilib”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Z.Qarayeva bildirib ki, hərbi-siyasi sahədə aparılan ardıcıl islahatlar və ordunun modernləşdirilməsi 2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə nəticələnib, Azərbaycan regional güc balansında yeni mövqe qazanıb: “Postmünaqişə dövründə bərpa və reinteqrasiya siyasəti, xarici siyasətdə isə praqmatik və balanslaşdırılmış diplomatiya ölkənin beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində aparılan fəaliyyət Azərbaycanı qlobal miqyasda prinsipial və müstəqil aktor kimi möhkəmləndirib. Nəticə etibarilə, son iyirmi iki il Azərbaycan üçün dövlətçilik keyfiyyətinin dəyişdiyi, prosesləri formalaşdıran güclü və suveren dövlət modelinin təsbit olunduğu bir mərhələdir”.
Röya İsrafilova