08:21
609
“Yaxın Şərq və Şimali Afrikada hadisələrin zamanlaması çox vaxt təsadüf anlayışını arxa plana keçirir və geosiyasi oxunuş tələb edir. Bununla belə, mövcud faktlar Türkiyəyə yönəlmiş birbaşa və açıq mesajdan daha çox, bölgədə artan qeyri-sabitliyin fonunda təhlükəsizlik risklərinin yüksəldiyini göstərir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq əlavə edib ki, Türkiyənin son illərdə Suriyada, Liviyada və ümumilikdə, Şərqi Aralıq dənizi hövzəsində aktiv və nəticəyönümlü siyasət aparması onu regional proseslərin mərkəzi aktoruna çevirib: “Bu reallıq fonunda Ankara ilə əlaqəli hər bir hadisə avtomatik olaraq strateji prizma ilə oxunur. Ankara bu mərhələdə reaktiv yox, proaktiv siyasət yürüdür və təhlükəsizlik çağırışlarını idarəolunan risklərə çevirə bilir”.
O deyib ki, əsas nəticə ondan ibarətdir ki, bölgədə Türkiyənin artan təsir gücü bəzi aktorları dolayı siqnallar üzərindən mövqe sərgiləməyə vadar edir: “Lakin bu cəhdlər Türkiyənin strateji kursunu dəyişdirəcək səviyyədə deyil. Ankara artıq regional proseslərin müşahidəçisi yox, memarıdır və bu status onu həm hədəfə, həm də vazkeçilməz aktora çevirir”.
Röya İsrafilova