Türkiyə-Rusiya-Çin ittifaqı mümkündürmü? Gündəm

Türkiyə-Rusiya-Çin ittifaqı mümkündürmü?

Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli sentyabrın 18-də Türkiyənin NATO mərkəzli xarici siyasətinə alternativ kimi “TRÇ” adlandırdığı Türkiyə–Rusiya–Çin ittifaqını təklif edib.

Bahçeli bu üçlüyün “dünyaya meydan oxuyan ABŞ-İsrail şər koalisiyasına qarşı ən uyğun seçim” olacağını iddia edib.

Lakin beynəlxalq münasibətlər üzrə ekspertlər belə bir addımın yaxın perspektivdə real görünmədiyini deyirlər.

Müşahidəçilər deyir ki, Türkiyə kollektiv Qərbin bir parçasıdır və Rusya və Çinlə yeni bir hərbi-siyasi blok qurma ehtimal “reallıqdan uzaq”dır.

Türkiyə 1952-ci ildən NATO üzvüdür və ittifaqın ikinci böyük ordusuna sahibdir. Həmçinin, Türkiyənin Avropa İttifaqı üzvlüyünə namizədlik prosesi davam edir və prezident Rəcəb Tayyib Ərdoğan tez-tez Aİ-yə üzvlüyün ölkənin strateji hədəfi olduğunu bildirir.

MHP-nin 2024-cü il proqramında da NATO müttəfiqliyinin davam etdiriləcəyi, ABŞ-la münasibətlərin qarşılıqlı fayda əsasında yürüdülməsinin əsas olduğu vurğulanın.

Türkiyənin alternativ platformalara marağı yeni deyil. 2012-ci ildə Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT)A dialoq tərəfdaşı kimi qəbul edilib. Son illərdə həm ŞƏT-ə, həm də BRICS-ə üzvlük məsələsi Ankara gündəmində olsa da, bu addımlar NATO-dan çıxmaq niyyəti kimi şərh edilmir.

Ekspertlərin ortaq mövqeyinə görə, Türkiyə həm Qərb, həm də Şərq üçün strateji əhəmiyyətini qoruyur. Rusya və Çin Türkiyəni NATO üzvü olsa belə, özləri üçün əhəmiyyətli bir oyunçu kimi görür. Bu isə Ankaranın balanslı siyasət yürütməsini daha da vacib edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, son günlər müzakirə olunan Türkiyə-Rusiya-Çin strateji ittifaqı ideyasına münasibət bildirib. Prezident bu mövzuya dair geniş məlumatlı olmadığını etiraf edib.

Halk TV xəbər verir ki, Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib: “Açığı, mən bu məsələni tam izləməmişəm. Amma ən yaxşısı bu olsun.” Hazırda Ərdoğanın bu təşəbbüsə münasibəti neytral və qeyri-müəyyən kimi qiymətləndirilir. Lakin mövzu Türkiyə daxili siyasətində və beynəlxalq münasibətlər kontekstində müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı danışan politoloq Çingiz Şahbazinin fikrincə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin sentyabrın 18-də Türkiyənin NATO mərkəzli xarici siyasətinə alternativ olaraq Türkiyə -Rusiya-Çin (TRÇ) ittifaqının yaradılması təklifi, heç şübhəsiz ki, ABŞ-İsrail müttəfiqliyinə qarşı geosiyasi və strateji çağırışdır və Turkiyənin Yaxın Şərqlə bağlı siyasətində əlinin möhkəmləndirilməsinə xidmət edir. Şübhəsiz ki, MHP lideri Devlet Bahçelinin ortaya qoyduğü bu ideya, İsraili bütün mənalarda dəstəkləyən ABŞ-a, Yaxın Şərq siyasətində geosiyasi balansın qorunması üçün təzyiq mexanizmi kimi də qəbul etmək olar. Devlet Bahçelinin Türkiyə dövlət səviyyəsində xüsusi rola malik siyasət adamı və xüsusilə də xarici siyasət xəttində əldə olunan müvəffəqiyyətlərinin altında onun da imzasının olduğunu nəzərə alsaq, bu alternativ blokun məhz Türkiyə dövlətinin siyasi mətbəxinin məhsulu olaraq qeyd etmək lazımdır: “Son vaxtlar İsrailin Qəzza zolağında və ümumiyyətlə Yaxın Şərqdə həyata kecirdiyi qeyri-qanuni hərbi əməliyyatlara qarşı çıxan Türkiyə hökuməti verdiyi sərt bəyanatlardan dolayı İsrailin baş naziri Netanyahunun Qüds şəhərindən, Turkiyəyə və onun prezidenti Ərdoğana xitabən etdiyi, xalqlararası nifaqın dərinləşdirilməsinə xidmət edən çagrışından həmən sonra, Devlet Bahçelinin yeni siyasi blokun yaradıla biləcəyinin anonsunu verməsi heç şübhəsiz ki, ABŞ-ı, bölgədə geosiyasi balansın qorunmasında addımlar atmağa məcbur edəcək. Yaxın Şərqdə baş verənlər kontekstində, ABŞ və İsrailin regionda və qlobal siyasətdə birgə maraqlarının və strateji ambisiyalarının olduğunu görərik. Əslində bu, çoxqütblü siyasi dünya və birqütblü siyasi dünya arasında olan fərqin nümunəsidir. Devlet Bahçelinin anons verdiyi siyasi blok heç də təsadüfi ola bilməz və belə bir blokun yaradılması dunyada baş verən proseslərin bir əldən alınmasına xidmət edəcək və dunyada baş verənlərə artıq bir neçə ölkə nəzarət mexanizmi əldə etmək imkanı qazanacaqdır. Əslində, Bahçelinin irəli sürdüyü ehtimal olunan blok, dünyada geosiyasi balansın qurulmasına hesablanmış, ABŞ-İsrail və Qərb mərkəzli güclərə qarşı alternativ blok olaraq mütləq qurulması vacibdir və Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində bunun bəzi kordinatları göründü və səsləndirildi. Biz hazırda dünyada baş verənlər fonunda, dünyanın bir mərkəzdən idarə olunmasından dolayı,nə qədər ölkələrin və insanların bundan öz təsirini alaraq, müharibələrlə, süni aclıqla, səfalət və zülüm altında yaşamasına şahidlik edirik. İnsanların belə vəziyyətə gətirilməsinin əsas səbəblərindən biri də Qərbin imperialist qüvvələrinin güc və imkanlarından qaynaqlanan beynəlxalq hüquq normaları xaricində hərəkət edən maraqları və yürütdükləri siyasətin nəticəsidir. Bu səbəbdən, bu maraqlara qarşı konseptual, diplomatik, ya da hərbi-strateji mövqe tələb olunur və MHP lideri Devlet Bahçelinin, “İttifaq” təklifi qarşı tərəfə qarşı dayanıqlılıq və müqavimət göstərmək məqsədilə çərçivə təklifdir. Doğrudur, təklifin həyata keçirilməsində çətinliklər olacaq və bu ölkələrin siyasi və ideoloji baxımdan əksər sahələr üzrə yanaşmalarında kifayət qədər geniş fərqliliklər var. Xarici siyasət prioritetləri, müttəfiq olduqları ölkələr, beynəlxalq əlaqələr və xüsusilə də siyasi quruluş və sistemlər arasında olan fərqin bağlanması çətin proseslərdən keçmək kimi özü ilə böyük çətinlikləri də əhatə edəcək. Türkiyənin NATO üzvü olaraq belə bir qərar qəbul etməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu çox ciddi və çətin qərardır, çünki, NATO alyansı Türkiyənin təhlükəsizlik maraqlarını təmin etmək üçün vazkeçilməz bir platformadır və bu blok Türkiyənin təhlükəsizlik siyasətində hərbi strateji münasibətlərin qurulması istiqamətində mühüm rola malikdir. Biz bu gün NATO və ehtimal edilən TRÇ arasında seçim məsələsini qoysaq, bu çox ciddi məsələ olduğunu görəcəyik və Türkiyənin NATO-dan ayrılması təqdirdə böyük təhlükələrlə üz-üzə gələcəyi ehtimalını istisna etmir, qənaətindəyəm. Bu baxımdan Türkiyənin NATO-dan yaxın gələcəkdə ayrılması mümkün görünmür və Devlet Bahçelinin irəli sürdüyü “İttifaq” məsələsi siyasi gediş kimi qəbul etmək lazımdır. Amma, Bahçelinin irəli sürdüyü təklif heç də düşünülməmiş addım kimi qəbul edilməməlidir. Bu təklif hər zaman aktual variant kimi öz təsirini göstərəcək və Türkiyə bu təklif üzərindən öz xarici siyasətində istəklərinin nəzərə alınması məqsədilə istifadə edə bilər”.

Politoloq Oqtay Qasımov isə deyib ki, Türkiyə artıq 70 ildən çoxdur ki, NATO-nun üzvüdür və faktiki olaraq qurucu üzvlərdən sayılır. NATO da beynəlxalq təhlükəsizlik sistemində çox önəmli bir rola malikdir. Bu baxımdan Türkiyə qərb dünyasına aid ölkə kimi qəbul olunur. Amma eyni zamanda, Türkiyə 35 ildən artıqdır ki, Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə cavab ala bilmir və bu qurumdan kənarda saxlanılıb.

Bu səbəbdən Türkiyə müstəqil siyasət yürüdür. Hazırda dünyada təkqütblü dövr başa çatmaq üzrədir və çoxqütblü bir sistemə doğru inkişaf gedir. Bu qütblərdən birinə Çin və Rusiyanın daxil olduğu blok rəhbərlik edir. Gələcəkdə yalnız iki deyil, daha çox qütblü bir beynəlxalq sistemin formalaşması mümkündür. Mövcud şəraitdə Türkiyənin birdən-birə qərbdən, NATO-dan uzaqlaşıb, Çin və Rusiya ilə birbaşa ittifaq qurması real görünmür. Çünki ittifaq üçün ortaq maraqların mövcudluğu vacibdir.

Hazırda bu maraqlar müəyyən sahələrdə kəsişsə də, tammiqyaslı ittifaq üçün obyektiv zəmin hələ formalaşmayıb. Bununla belə, Türkiyə ilə Çin və Rusiya arasında münasibətlərin ciddi şəkildə inkişafı mümkündür. Xüsusən də nəzərə alsaq ki, Türkiyə Çinin “Bir kəmər, bir yol” layihəsində aktiv iştirak edir və Avropanı Asiyaya birləşdirən ən mühüm coğrafi mövqedə yerləşir. Bu amillər əlaqələrin güclənməsinə şərait yaradır, amma yenə də bu münasibətlər ittifaq üçün kifayətli baza təşkil etmir.

Cavid