

Bu ilin əvvəlindən Azərbaycanda investisiya qoyuluşlarında azalma müşahidə edilir. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11,375 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8 faiz artıb. İstifadə olunmuş investisiyanın 5,8 milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 3,820 milyard manatı (33,6 faizi) xidmət sahələrinə, 1754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon manatını və ya 77 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 8985,9 milyon manatı və ya 79,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bunlarla yanaşı, sənaye istehsalında da azalma qeydə alınıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal olunub. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz çoxalıb. Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artmışdır. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29,0 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4 faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 0,7 faiz artmış, neft məhsullarının istehsalı 0,1 faiz, içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,0 faiz, geyim istehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız və karton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 29,1 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz artmışdır.
Göründüyü kimi, neft-qaz sənayesinə investisiyalar və yerli sənayedə ümumi istehsal azalır. Digər tərəfdən daxili sərmayələr üstünlük təşkil edir, xarici ölkə investorlarının ölkəyə cəlb edilməsi öz aktuallığını saxlayır. Bu sahədə artıq konkret addımlar atılır və növbəti illərdə mühüm nəticələri ola biləcək layihələr gündəmdədir. Belə ki, 22-23 sentyabr tarixlərində Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, “The European House – “Ambrosetti” beyin mərkəzinin strateji tərəfdaşlığı, həmçinin “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilati dəstəyi ilə baş tutub. Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.
Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.
Yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair Sazişə əsasən ölkəmizə təqribən 700 mln. ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Sənəd “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanıb.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. Bu layihə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir.
İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması, İqtisadiyyat Nazirliyi ilə “MAN Truck & Bus SE” və “Improtex Trucks & Buses” şirkətləri arasında Azərbaycanda elektrik avtobuslarının istehsalı, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co” şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair anlaşma memorandumları, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və “Basalt Group” MMC arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirak Müqaviləsi, ABİF və “ARGS Holding” MMC arasında “AzerFloat” QSC-nin nizamnamə kapitalına investisiya qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, “EEL electric” MMC və “ABB Group” arasında Modulyar Panel Sistemlərinin Quraşdırılması üzrə Müqavilə imzalanıb.
“See Breeze Resort” turizm zonası və “Crowne Plaza Hotels & Resorts by IHG”, “MEAIT and Rixos”, “Radisson Blue”, “Digital Residence”, “Sana Hospital Group”, “Don Agro Intl” kimi tərəfdaşlar arasında imzalanan anlaşma memorandumları ümumilikdə ölkəmizə 500 mln. ABŞ dolları xarici investisiyanın cəlbini nəzərdə tutur.
Forum çərçivəsində imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyük miqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.
Tədbir çərçivəsində SOCAR ilə "Italiana Petroli S.p.A." və "MIP S.p.A." arasında səhm alqı-satqısı Sazişi imzalanıb. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək. Azərbaycanın beynəlxalq investor kimi artan gücünü nümayiş etdirən bu əməkdaşlıq SOCAR-ın dərin bilik və təcrübəsinə göstərilən etimadın bariz nümunəsidir.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Qarabağda biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.
Mahir Həmzəoğlu