

Ekspertlər Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak etməsini ölkəyə investisiya cəlbi üçün önəm daşıdığını hesab edirlər.
Forum çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding"i arasında "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanmasının perpektivlər yaradacağı qeyd olunur.
Keçirilən Forum və imzalanan sazişin əhəmiyyəti haqqında millət vəkilləri, iqtisadçı ekspertlər “Xalq Cəbhəsi”nə danışıblar.
“Azərbaycan yaşıl enerjiyə ən çox investisiya cəlb edən ölkələrdən biridir”
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Azərbaycan enerji sektorunda həm ənənəvi, həm də innovativ sahələrdə istehsalı dəstəkləyir: “Nəzərə alsaq ki, Azərbaycan regionda yaşıl enerjiyə ən çox investisiya cəlb edən ölkələrdən biridir və son illər yaşıl enerjiyə 1 milyard dollardan artıq xarici sərmayə cəlb edib. Azərbaycan, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə də yaşıl enerjinin inkişafını yaxından dəstəkləyir. Bu istiqamətdə vəsaitlərin ayrılması və bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir”.
“Bu, Azərbaycan üçün yeni dividendlər deməkdir”
Deputatın sözlərinə görə, COP29-a ev sahibliyi edən Azərbaycan yaşıl enerji ilə bağlı bəlli hədəflərə malikdir: “Belə ki, 2030-cu ilədək Azərbaycanda yaşıl enerjinin payının 35 faizə çatdırılması, eyni zamanda, karbon emisiyasının 40 faizədək azaldılması nəzərdə tutulub. Bu isə ondan xəbər verir ki, Azərbaycan artıq yaşıl enerji istehsalını artırmaqla növbəti mərhələdə Avropaya innovativ məhsulları ixrac edə biləcək. Gözlənti ondan ibarətdir ki, Azərbaycan Gürcüstan Qara dəniz vasitəsilə Avropaya, xüsusən də Şərqi Avropaya 2027-ci ildən sonra öz yaşıl enerjisini çıxarmaq imkanına malik olacaq. Bu da təbii ki, yalnız ənənəvi enerji bazarını deyil, həm də innovativ enerji bazarında Azərbaycanın mövqeyinin güclənməsinə və geosiyasi mövqeyinin daha da artırılmasına imkan verəcək. Bu da Azərbaycan üçün iqtisadi baxımdan yeni dividendlər, həm də geosiyasi baxımdan yeni imkanlar deməkdir”.
İki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlıq dərinləşir
V. Bayramov "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə imzalanan əməkdaşlıq sazişi haqqında da danışıb. O bildirib ki, Azərbaycan BƏƏ ilə yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirir: “Bu həm “Ağıllı şəhər”, həm də yaşıl enerji layihələrinin birgə investisiya qoyuluşunun həyata keçirilməsidir. Eyni zamanda, Azərbaycan BƏƏ-dən regionda yaşıl enerjiyə, o cümlədən bərpaolunan enerji sahəsinə ən çox sərmayə cəlb edən ölkələrdəndir. Bu da nəticə etibarı ilə iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Bütövlükdə, biz iki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlığın daha da dərinləşməsini müşahidə edirik”.
“Forum ölkəmizin qlobal investorlar üçün etibarlı və açıq platforma olduğunu göstərir”
İqtisadçı ekspert Akif Nəsirli söyləyib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və Forum çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında imzalanan “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişinin əhəmiyyəti barədə fikirləri bir neçə aspektdən qeyd etmək olar: “Forum ölkəmizin qlobal investorlar üçün etibarlı və açıq platforma olduğunu göstərir. Burada müxtəlif ölkələrdən gələn dövlət rəsmiləri və biznes nümayəndələri birbaşa dialoq aparmaq imkanı əldə edirlər”.
“Layihə Bakıda yeni nəsil şəhərsalma modelinin tətbiqinə imkan yaradacaq”
A.Nəsirli qeyd edib ki, Forum həmçinin enerji, infrastruktur, texnologiya, kənd təsərrüfatı və maliyyə kimi sahələrdə strateji tərəfdaşlıqların təməlini qoyur: “Azərbaycan beynəlxalq arenada iqtisadi diplomatiyanı gücləndirərək özünü regional iqtisadi lider kimi təqdim edir. “Şəhər içində şəhər” konsepsiyası üzrə sazişin əhəmiyyətinə gəldikdə, urbanizasiya və müasir şəhərsalma baxımından bu layihə Bakıda yeni nəsil şəhərsalma modelinin tətbiqinə imkan yaradacaq. Yəni yaşayış, biznes, əyləncə, texnologiya və xidmət sahələrinin bir məkanda inteqrasiya olunması planlaşdırılır. Layihə yalnız daşınmaz əmlak deyil, həm də “Ağıllı şəhər” (smart city) texnologiyalarının tətbiqini nəzərdə tutur. Bu, şəhərin idarə olunmasında rəqəmsal həllərin genişləndirilməsinə səbəb olacaq”.
“Azərbaycanın mövqeyi möhkəmlənir”
Ekspertin sözlərinə görə, BƏƏ-nin iri holdinqlərinin Azərbaycanda uzunmüddətli layihələrə qoşulması həm iqtisadi etimadın göstəricisidir, həm də əlavə maliyyə və texnoloji resursların ölkəyə gətirilməsi deməkdir: “Belə layihələr inşaat, xidmət, logistika və digər sektorlar üçün minlərlə yeni iş yeri yarada bilər. Bu saziş Azərbaycan üçün BƏƏ kimi güclü maliyyə mərkəzi ilə strateji əməkdaşlıq imkanı açır. Layihə həm də ölkənin post-neft iqtisadiyyatının inkişafına uyğun olaraq diversifikasiya prosesinə xidmət edir. Azərbaycanın regionda “dayanıqlı şəhər inkişafı” modeli yaratmaq iddiasını da gücləndirir. Yəni Forum Azərbaycanın beynəlxalq biznes aləmində mövqeyini möhkəmləndirir, imzalanan saziş isə konkret olaraq Bakının gələcək inkişafına, xarici sərmayənin artmasına və ölkənin beynəlxalq imicinə mühüm töhfə verir”.
“Sazişin həyata keçirilməsi ilə çoxlu iş yerləri açılacaq”
İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding"i arasında imzalanan əməkdaşlıq sazişindən bəhs edib. O, Böyükşor gölünün ətrafının yenidən qurulması məsələsi ilə əlaqədar müqavilə bağlandığını bildirərək əlavə edib ki, burada 5 milyard dollarlıq investisiya sazişindən söhbət gedir: “Sazişə əsasən Böyükşor gölünün ətrafında otellər, turizm kompleksləri, iaşə obyektləri, əyləncə yerləri tikiləcək. Yəqin ki, gölün təmizlənməsi də həyata keçiriləcək. Necə ki, Ağ şəhər kimi layihə həyata keçirildi. Böyük ehtimal bu da o formada olacaq. Ümumiyyətlə, ölkəyə gələn istənilən xarici investisiya iş yerlərinin açılmasına, rəqabətin yaxşılaşmasına, yeni idarəetmə texnologiyalarının ölkəyə gəlməsinə, müasir texnologiyaların tətbiqinə imkan verir. Yəni ölkələr davamlı çalışırlar ki, ölkələrinə xarici investisiyalar cəlb etsinlər. Bu sazişin həyata keçirilməsi ilə çoxlu iş yerləri açılacaq, yeni əmlak kompleksləri bazara çıxarılacaq”.
Röya İsrafilova