“Azərbaycanın enerji sahəsindəki nailiyyətləri Prezidentin çıxışının diqqət çəkici hissəsi idi” Gündəm

“Azərbaycanın enerji sahəsindəki nailiyyətləri Prezidentin çıxışının diqqət çəkici hissəsi idi”

“Azərbaycanın enerji sahəsindəki nailiyyətləri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının diqqət çəkici hissəsini təşkil etdi. 14 ölkəyə təbii qaz ixracı, boru kəməri vasitəsilə qaz təmin edən ölkələr sırasında birinci yer, həmçinin Suriyaya enerji təchizatı kimi yeni istiqamətlərdəki fəaliyyət Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu göstərir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat əlavə edib ki, bərpaolunan enerji mənbələrinə sərmayələr və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin edilməsi hədəfi ölkənin enerjidə şaxələndirmə strategiyasının uğurla həyata keçirildiyindən xəbər verir: “Orta Dəhlizdə yükdaşımaların 90 faiz artması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi, "Rəqəmsal İpək Yolu" layihəsi kimi təşəbbüslər Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsinin sübutudur. Xəzərin dibi ilə fiber-optik kabel şəbəkəsinin qurulması planları regionda rəqəmsal transformasiyanın yeni mərhələsinin başlanğıcını elan edir. Yoxsulluq və işsizliyin tarixi minimum həddə - 5 faizə endirilməsi, beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqinin artırılması, xarici borcun ÜDM-in cəmi 6,5 faizini təşkil etməsi ölkədə iqtisadi sabitliyin və güclü fiskal intizamın nəticəsidir”.

Röya İsrafilova