“Azərbaycan Prezidenti Qərbdə ən çox arzu edilən liderlərdən biridir” Gündəm

“Azərbaycan Prezidenti Qərbdə ən çox arzu edilən liderlərdən biridir”

“Bu gün Azərbaycan Prezidenti Qərbdə ən çox arzu edilən liderlərdən biridir. Elə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin tədbirində Azərbaycan Prezidentinə, Azərbaycana olan maraq da bunun əyani göstəricilərindən biri hesab edilməlidir. Bunu şərtləndirən bir sıra amillər var. Heç şübhəsiz ki, bu cür marağa səbəb Azərbaycanın etibarlı tərəfdaş olması, sülhpərvər ölkə olması, beynəlxalq hüquqa riayət edən güclü dövlət olması və malik olduğu ehtiyatlarla hər cür etibarlı əməkdaşlığa hazır olan ölkə kimi çıxış etməsidir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputatın sözlərinə görə, Azərbaycan ötən illər ərzində bəlkə də çoxlarının diqqətini çəkməyən çox mühüm qlobal layihələr həyata keçirdi və beləliklə öz geostrateji mövqeyini təbii şəkildə mövcud olduğu səviyyədən daha üst səviyyəyə qaldıra bildi: “Okeanlara çıxışı olmayan Azərbaycan bu gün həyata keçirdiyi layihələrlə dünyanın logistika mərkəzlərindən və logistika kəsişmə və transfer coğrafiyalarından birinə çevrilməyi bacarıb. Eyni zamanda bu gün Azərbaycan həm klassik enerji daşıyıcılarının, həm də yaşıl enerji daşıyıcılarının məkanı kimi çıxış edir və bütün bunlar Azərbaycanı cazibədar bir ölkəyə çevirir”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra dünya siyasətində gücü, yeri, rolu, nüfuzu daha da artıb: “Düşünürəm ki, təkcə Fransa Prezidentinin Azərbaycan Prezidentinə münasibətini görsək 2020-ci ildən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun nə qədər artdığını çox dəqiq qiymətləndirə bilərik. Çünki Azərbaycana qarşı bu qədər radikal mövqedən çıxış edən ölkənin Prezidentinin Azərbaycan Prezidentinə münasibətinin birdən-birə bu şəkildə həsəd aparırcasına bir davranışla əvəz olunması heç şübhəsiz ki, Azərbaycanın gücündən xəbər verir”.

Röya İsrafilova