
“Azərbaycanın 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən XI Sammitdə yekdilliklə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi ölkəmizin artan nüfuzunun, iqtisadi gücünün, siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Bu, təşkilatın yaradılmasından bəri ilk genişlənmədir ki, bu da Azərbaycanın regional və qlobal platformalarda artan rolunun göstəricisidir. Azərbaycan Qlobal Cənubun səsinin dünyada eşidilməsi üçün fəal şəkildə çıxış edir. Ölkəmiz 2019-cu ildə inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək məqsədilə “77-lər Qrupu və Çin” formatına qoşulub və Cənub-Cənub əməkdaşlığına öz töhfəsini verib. Azərbaycan həmçinin Qlobal Cənub ölkələri arasında ikitərəfli münasibətlərin gücləndirilməsini qətiyyətlə dəstəkləyir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
Deputat vurğulayıb ki, son illərdə Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə dərinləşib: “Suverenliyin və ərazi bütövlüyünün tam bərpası xarici siyasətdə imkanlarımızı daha da genişləndirmişdir. Nəticədə, çoxsaylı Afrika liderləri ikitərəfli münasibətlərin inkişafı məqsədilə Azərbaycana səfərdə maraqlı olduqlarını ifadə etmiş və ölkəmizi qitəyə sərmayə yatırmağa dəvət etmişlər”.
P.Vəliyeva bildirib ki, 2 dekabrda Qahirədə keçiriləcək ticarət nazirlərinin 4-cü iclası isə Azərbaycanın təşkilatda fəal iştirakının başlanğıcı baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu toplantı Azərbaycanın D-8 çərçivəsində ticarət, investisiya və iqtisadi əməkdaşlıq gündəliyini formalaşdırmaqda ilk real addımı olacaq. Bu, ölkəmizə təşkilatın qəbul edəcəyi Qahirə Bəyannaməsinin hazırlanmasında və prioritetlərin müəyyənləşdirilməsində rol almaq imkanı verir. Azərbaycanın iqtisadiyyatının sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal inkişaf, nəqliyyat-logistika və ixrac potensialının D-8 coğrafiyasında daha geniş tanıdılması üçün mühüm platformadır. Təşkilatda olmaq 1 milyarddan artıq əhalini və 5 trilyon dollardan çox ÜDM-i təmsil edən geniş bazara çıxış üçün yeni imkanlar açır”.
O əlavə edib ki, bu həmçinin Azərbaycanın “Cənub-Cənub əməkdaşlığı”na, İslam dünyası daxilində iqtisadi həmrəyliyə və inkişaf etməkdə olan ölkələrin birgə fəaliyyətinə verdiyi töhfələri daha da gücləndirəcək: “Bu iclas Azərbaycanın D-8 ailəsinə inteqrasiyasının üçün mühüm addım olmaqla yanaşı, ölkəmizin yaxın illər üçün iqtisadi diplomatiya xəttinin mühüm tərkib hissəsinə çevriləcək”.
Röya İsrafilova