12:52
980
“Bu gün Omanda keçiriləcəyi bildirilən İran–ABŞ danışıqları tərəflər arasında fundamental strateji ziddiyyətlərin qalmaqda davam etdiyi bir şəraitdə baş tutur. Görüş əsasən qarşılıqlı güzəştlərdən çox, risklərin idarə olunması və nəzarətsiz eskalasiyanın qarşısının alınmasına yönəlmiş taktiki dialoq kimi dəyərləndirilir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloq söyləyib ki, ABŞ üçün əsas prioritet İranın nüvə potensialının nəzarət altına alınması və regional təsir imkanlarının məhdudlaşdırılmasıdır: “İran isə danışıqlara sanksiyaların yumşaldılması və iqtisadi manevr imkanlarının genişləndirilməsi prizmasından yanaşır”.
E.Telmanoğlu Omanın vasitəçilik platforması kimi seçilməsinin təsadüfi olmadığını bildirib: “Bu, tərəflərə rəsmi siyasi öhdəlik götürmədən mövqeləri yoxlamaq və mesaj mübadiləsi aparmaq imkanı verir. Mövcud mərhələdə hər hansı fundamental razılaşmadan daha çox, prosesin dondurulması və gərginliyin idarə olunan səviyyədə saxlanılması əsas hədəf kimi görünür. Bu baxımdan danışıqlar nəticədən çox, zaman qazanmaq və regional balansı qorumaq məqsədi daşıyan diplomatik mexanizm rolunu oynayır”.
Röya İsrafilova