
“Mətbuatda yayılan xəbərlərə görə Paşinyan 2026-cı ildə İrana səfər edəcək və səfər zamanı İran ilə Ermənistan arasında strateji əməkdaşlıq sənədinin imzalanması gözlənilir. Bu, Ermənistan və İran arasında münasibətləri daha da institusionallaşdırmaq, dərinləşdirmək məqsədi daşıyır. Beləliklə də səfər hər iki tərəf üçün önəmli xarakter daşıyır kimi məlumatlar yayılır. İranla Ermənistan arasında münasibətlər onsuz da yaxın, sıx olub”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputatın sözlərinə görə, səfərin məqsədi ondan ibarətdir ki, Ermənistan Qərblə, ABŞ ilə münasibətlərini qurarkən Azərbaycandan fərqli olaraq müstəqil, suveren oyunçu olmadığına görə İrana da tələsik səfər edib İranla da strateji münasibətlər haqqında sənəd imzalayır ki, İran çox qıcıqlanmasın: “Çünki Zəngəzur Tramp marşrutunun açılması İranda Ermənistan barəsində müəyyən suallar doğurmuşdu. Ona görə də belə bir sənədə imza atılması ilə bir növ rəsmi İrəvan İrandan gələ biləcək təhlükəni, etirazları neytrallaşdırmağa çalışacaq. Bu, seçkilərə qədər olsa həm də bir növ Paşinyana müsbət xal yazılmasına xidmət edə bilər. Çünki bir tərəfdən seçicilər qarşısında, həmçinin regional ölkələrlə olan münasibətlərində problemli məsələnin həll edilməsi kimi təqdim edilə bilər ki, yəni Ermənistan hakimiyyəti bunu belə qələmə verə bilər ki, biz Qərblə, Avropa İttifaqı, ABŞ ilə yaxınlaşsaq da bizim ənənəvi müttəfiqimiz olan İranı da unutmuruq”.
T.Gəncəliyev bunun Azərbaycan üçün hansısa mənfi və ya müsbət nəticəsi ola biləcəyini hesab etmir: “Çünki biz Azərbaycan olaraq onsuz da bütün qonşularla münasibətlərimizi elə qurmuşuq ki, başqa ölkələrlə münasibətlərimiz heç kimə qarşı deyil. Biz təbii ki, Ermənistanın digər ölkələrlə münasibətlərini çox yaxından izləyirik, amma Ermənistan o gücdə, ağılda deyil ki, Azərbaycana qarşı hansısa mərkli planlar cıza bilsin. Ermənistan onsuz da torpaqlarımızı işğal etməsi və onun nəticəsini çox yaxşı bilir. Ona görə də bu məsələdə hansısa bir şəkildə Azərbaycana qarşı məqamların ola biləcəyini düşünmürəm. Ümumiyyətlə, biz regionda bizə qarşı olan istənilən məqamı, təhlükəni vaxtından əvvəl görmək və neytrallaşdırmaq gücündə olan bəlkə də əsas ölkəyik. Ona görə də bu məsələdə mən hesab etmirəm ki, Ermənistan Azərbaycana qarşı bu sənəddən, münasibətlərdən hansısa bir şəkildə istifadə etmək gücündə olsun”.
O eləcə də qeyd edib ki, Paşinyanın bu səfəri daha çox İranı məmnun etmək və özünü sığortalamaq məqsədi daşıyır.
Röya İsrafilova