"ABŞ-ın qlobal siyasi-hərbi və regional nüfuzu ciddi zədələndi" Gündəm

"ABŞ-ın qlobal siyasi-hərbi və regional nüfuzu ciddi zədələndi"

İranın ABŞ və İsrailə qarşı müqavimət imkanları ilə bağlı müxtəlif fikirlər var. Əlbəttə ki, paradoksal görünsə də, Pakistanın iştirakı ilə əldə olunmuş, lakin pozulmuş atəşkəsdən dərhal sonra həm İran, həm ABŞ, hətta BƏƏ belə özünü qalib elan edib (müharibə bitməyib və davam etməlidir). Ancaq fakt faktlığında qalır ki, bu müharibə İranı onilliklərlə geri saldı.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

"Hücumun ilk dəqiqələrində ali dini lider Əli Xamenei başda olmaqla İranın 50-dən çox ən əsas siyasi-hərbi rəhbəri öldürüldü. Hazırda hava, dəniz qüvvələri, hərbi sənayesi, raket və ən əsası nüvə potensialı məhv edilib. Zənginləşdirilmiş uranın təhvil verilməsi də müzakirə edilir. Şəhərlər, infrastruktur, mülki obyektlər və s. dağıdılıb. Vəziyyət nə qədər ağır və təhlükəlidirsə, İranda rəhbər vəzifələrə gəlmək istəyən yoxdur və faktiki olaraq İranın iradə iliği SEPAH-ın əlinə keçib. Ali dini lider Müctəba Xameneinin hakimiyyətdən uzaqlaşdırılması da mümkündür. Faktiki olaraq hələ ki, İranda rejim dəyişikliyi var" - politoloq deyib.

Onun fikrincə, qaldı ki, bu müharibədə qalib yaxud məğlub tərəf məsələsinə, uduzan tərəf, əlbəttə ki, İranla yanaşı həm də ABŞ və İsrailin özüdür.

ABŞ-ın qlobal siyasi-hərbi və regional nüfuzu ciddi zədələndi. Nəticə prezident Donald Tramp impiçmenti məsələsinin katalizatoruna çevrilib. İsrailin özü isə İranın raket zərbələrinə hazırlıqsızlıq vəziyyətini üzə çıxardı və hətta orduda səfərbərlik məsələsində heyət çatışmazlığı ilə üzləşdi. Üçüncü tərəf isə, təbii ki, ərəb ölkələridir ki, faktiki olaraq İranla üz-üzə müdafiəsiz vəziyyətə düşüblər. Neft və ümumiyyətlə isə Hörmüz boğazı vasitəsilə ixrac-idxal məsələsində İrandan asılılıq ciddi iqtisadi çətinliklər yaradıb:

"ABŞ və İsrailin İrana hücumunun qısa müddətdə hesablanan nəticə verməməsində İsrailin xüsusi xidmət orqanlarının yanlış hesablaşmaları, yəni İranın faktiki gücünün, mümkün gedişlərinin, müttəfiqlərinin köməyinin və digər faktorların düzgün qiymətləndirilməməsi əsas rol oynayıb. Analizlər göstərir ki, İsrail İranın siyasi-hərbi rəhbərlərinin öldürülməsi ilə tam uğurlu nəticə əldə edəcəyini hesablayıb. ABŞ və İsrail arasında yaranan fikir ayrılığının da əsas səbəbi İsrailin yanlış hesablaşmaları olduğu şübhəsizdir. Atəşkəslə bağlı ABŞ-la İsrail razı deyil.

İran müqaviməti dövlətin və xalqın imic məsələsi olsa da, İran elə zəiflədilib ki, bərpası üçün onilliklərlə zamana ehtiyac var. Hətta elə duruma düşüb ki, artıq heç bir liderin təhlükəsizliyini dövlət təmin edə bilmir.

İranın hərbi imkanlarına gəldikdə isə, əgər İranın hərbi gücü və texnologiya imkanları iddia edildiyi kimi güclü olsaydı, ən azı bundan əvvəlki 12 günlük müharibədə İran raketlərinin və dronlarının daha ciddi nəticələri olardı. İrana hücumla bağlı İsrailin nəzərə almadığı əsas faktorlar Çinin və Rusiya kimi aktorlardır. İrana mümkün hərbi yardımdır. ABŞ-ın İsrail tərəfində İrana qarşı müharibəyə təhrik edildiyi deyilsə də, fakt budur ki, ABŞ İran tərəfindən Çinə enerji ixracını nəzarətə götürməyi planlaşdırdığı şübhəsizdir. ABŞ–Venesuela, Rusiya–Ukrayna müharibəsi və İrana hücumda da Çin faktoru əsas şərt olaraq qalır. İran nefti Çin üçün son cəbhə idi. Hələ ki, Çin bu cəbhənin qalibidir. Çin İranla ABŞ və İsraili vurdu. Yəqin ki, ərəb ölkələri Çin vasitəsilə İrandan iqtisadi və hərbi təhlükəsizlik zəmanəti üzrə razılaşmaya gedə bilər.

İndiki vəziyyətdə bu müharibədən qalib tərəflərdən Azərbaycan və Türkiyə hesab oluna bilər. Sözsüz ki, yaranmış vəziyyət ərəb ölkələrindən Türkiyənin enerji tranziti və logistika imkanlarının genişlənməsi üçün yeni şərait yaradır. Qara dəniz vasitəsilə də yeni marşrutların aktivləşməsi mümkündür. Türkiyənin İslam dünyasında nüfuzunun artması və İrana dəstəyi, paralel olaraq Azərbaycanın da İrana humanitar və siyasi dəstəyi Azərbaycanla İran arasında yaranmış mənəvi boşluğun aradan qaldırılmasına səbəb ola bilər.

İlk olaraq Əli Xameneinin ölümü ilə bağlı Azərbaycan Prezidenti Bakıda səfirlikdə başsağlığı verdi. Həmçinin humanitar yardım göndərilməsi, təxliyə prosesində iştirak və digər addımlar Azərbaycanın aktiv mövqeyini nümayiş etdirdi. Bu da Azərbaycanın İslam dünyasında nüfuzunun möhkəmlənməsi ilə yanaşı, Azərbaycanın maraqlarının regional və beynəlxalq səviyyədə İran maneəsinin aradan qaldırılması üçün imkanlar yaradıb.

Ancaq, birmənalı olaraq İran “qalib” buraxılmayacaq. Yaxın Şərq zamanla geniş müharibəyə keçid etdi".

Cavid