ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazı ilə bağlı planlar tələb edir Dünya

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazı ilə bağlı planlar tələb edir

Vaşinqton NATO-dakı müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini necə təmin etmək niyyətində olduqlarına dair konkret planları bir neçə gün ərzində təqdim etməyi xahiş edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb.

ABŞ-ın bəzi avropalı müttəfiqləri atəşkəs elan edildikdən sonra Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər. Vaşinqton isə onların bu məsələdə konkret öhdəliklər götürməsini istəyir. Bu xahiş NATO-nun Baş katibi Mark Ruttenin Ağ Evə səfəri çərçivəsində keçirilən danışıqlarda səsləndirilib. Məsələ həmçinin Pentaqon və Dövlət Departamentində NATO rəsmiləri ilə keçirilən görüşlərdə də müzakirə olunub. Həm Ağ Ev, həm də hər iki nazirliyin rəsmi nümayəndələri jurnalistlərin şərh sorğularına cavab verməyiblər.

Agentlik yazır ki, atəşkəs elan olunmasına baxmayaraq, İran və İsrail zərbələr endirməyə davam edir, Hörmüz boğazından keçid isə "faktiki olaraq bağlı qalır". Bu fonda ABŞ müttəfiqlərinin tələb olunan planları Vaşinqtona operativ şəkildə təqdim edə bilib-bilməyəcəyi və ayrılan müddətin nə dərəcədə real olduğu sualı yaranır.

Məryəm Quliyeva