"Ən real ssenari qarşılıqlı güzəştləri ehtiva edən məhdud və praqmatik razılaşmadır" Dünya

"Ən real ssenari qarşılıqlı güzəştləri ehtiva edən məhdud və praqmatik razılaşmadır"

ABŞ prezidenti davam edən münaqişə fonunda vasitəçilərin təklif etdiyi atəşkəsi qəbul edərək İrana qarşı bombardmanları iki həftə müddətinə dayandırmağa razılaşdı. Qərar Vaşinqtonla Tehran arasında müvəqqəti atəşkəsə nail olmağa çalışan Pakistan rəhbərliyi ilə aparılan danışıqlardan sonra qəbul edildi. Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə aparılan danışıqlara əsasən, İrana qarşı planlaşdırılan dağıdıcı addımlar dayandırıldı.

Politoloq Bakir Həsənbəyl xalqcebhesi.az-a deyib ki, İranın Hörmüz boğazını tam və təhlükəsiz açılmasına razılıq verməsi şərti ilə İrana qarşı bombardmanlara və hücumlara iki həftə müddətinə ara verildi.

Məntiq etibarı ilə bu, ikitərəfli atəşkəsdir. ABŞ-ın İrana qarşı hərbi zərbələri dayandırması ilə İsrailin də eyni müddət ərzində zərbələri dayandıracağı qeyd olunub:

"ABŞ İrandan 10 maddəlik təklif alıb. Bu təkliflər danışıqlar üçün əsas kimi qiymətləndirilir. Tərəflər arasında əsas fikir ayrılıqları mövcuddur. İki həftəlik müddət yekun razılaşmanın hazırlanmasını kifayət qədər çətinləşdirələciyini göstərir. Tehran atəşkəsə hazır olduğunu təsdiqləyib. İran əldə olunan nəticəni böyük qələbə kimi təqdim edir. Vaşinqtonun müharibənin tam dayandırılmasına dair Tehran tərəfindən irəli sürülmüş planı qəbul etməsi inandırıcı görünmür.

İran tərəfinin təklifində sanksiyaların ləğvi və Hörmüz boğazından keçid üçün ödənişlərin tətbiqi kimi tələblər var"

. İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, növbəti iki həftə ərzində Hörmüz boğazı ölkənin silahlı qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla təhlükəsiz gəmiçilik üçün açıq olacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlayıb ki, tərəflər arasında danışıqlar 10 aprel tarixində İslamabadda keçiriləcək və ABŞ tərəfinə tam etimadsızlıq şəraitində baş tutacaq:

"Göründüyü kimi tərəflər arasında etimad mühitidə yoxdur. İki həftəlik atəşkəs hərbi eskalasiyadan idarə olunan danışıqlar prosesinə keçidi göstərir. Zərbələrin dayandırılması faktiki olaraq münaqişəni dondurur, onun region üzrə genişlənmə risklərini azaldır, lakin bu müharibənin başa çatması demək deyil. Razılaşmanın əsas elementi Hörmüz boğazının açılmasıdır. Bu, dünya neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi strateji marşrutdur. Bu, hərbi təzyiqin davam etdirilməsindən daha çox qlobal enerji bazarlarının sabitləşdirilməsinə üstünlük verildiyini göstərir. Qərar həmçinin Vaşinqtonun yanaşmasında dəyişiklik olduğunu göstərir. Prezident Donald Tramp administrasiyası diqqəti məcburedici diplomatiyaya yönəldərək hərbi nəticələri siyasi razılaşmaya çevirməyə çalışır. Bu fonda Pakistan danışıqlarda əsas vasitəçi kimi rolunu gücləndirir. Qlobal bazarlar üçün atəşkəs geosiyasi risklərin azalması və neft qiymətlərinin potensial sabitləşməsi siqnalıdır. Müsbət impulsun olmasına baxmayaraq, risklər yüksək olaraq qalır.

Tərəflər arasında dərin etimadsızlıq, razılaşmanın müxtəlif şəkildə şərh edilməsi, insident və ya təxribat halında prosesin pozulması ehtimalını qüvvətləndirir. Ən real ssenari qarşılıqlı güzəştləri ehtiva edən məhdud və praqmatik razılaşmadır. Bu, atəşkəsin rəsmiləşdirilməsini, Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunmasını və İrana qarşı sanksiyaların qismən yumşaldılmasını əhatə edə bilər. Belə bir halda münaqişə yekun siyasi həll olmadan dondurulmuş mərhələyə keçəcək.

Sonrakı proses böyük ölçüdə İranın yeni geosiyasi reallıqlar şəraitində hərəkət qabiliyyətindən asılı olacaq. Bu, ABŞ-ın İran üçün daha geniş strategiyasının üçüncü və son mərhələsi kimi qiymətləndirilə bilər. Bu strategiya hərbi təzyiqlə başlayıb sonda dinc strategiya ilə nəticələnə bilər".

Cavid