Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış Mədəniyyət

Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Daşkəndə gələn Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov universitetin professor-müəllim heyəti və tələbələri qarşısında “Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturoloji kontekstində” mövzusunda mühazirə oxuyub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Rafael Hüseynov çıxışında Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar və tarixi əlaqələrin tarixindən və bu günündən danışıb.

Azərbaycan yaradıcı insanlarının doğurduğu irsin son 1500 il ərzində Türküstandan Hindistana, Anadoludan Əndəlüsə, Qafqazdan Çinədək uzanan geniş ərazilərdə yayılaraq ümumi mədəni inkişafa əhəmiyyətli təsir göstərdiyini vurğulayan Rafael Hüseynov bu qənaətini ayrı-ayrı şəxsiyyətlər və əsərlərin timsalında şərh edib.

IX-X əsrlərdən başlayaraq XX əsrədək Yaxın və Orta Şərqdə yaradıcılıqları məktəbə, ənənəyə çevrilmiş məşhur azərbaycanlılardan söz açan akademik onların yadigar qoyduğu mirasın mənəvi zənginləşməyə xidmət etməsi ilə yanaşı daim xalqlarımızın yaxınlaşması, təmasların dərinləşməsi üçün mühüm körpü vəzifəsi daşıdığını bildirib.

Rafael Hüseynov, həmçinin Azərbaycan dühasının müsəlman Şərqi intibahının formalaşmasında aparıcı rolu üzərində dayanıb, Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Əbu Bəkr Əcəmi Naxçıvani, Səfiəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Sultan Məhəmməd, Mirzə Fətəli Axundzadə və digərlərinin timsalında Azərbaycanın Mərkəzi Asiyada ortaq elmi-mədəni dəyərlər şəbəkəsinə münbit təsirindən danışıb.

Məktəb, yol yaradan, əsərləri ilə bütün müsəlman Şərqinə və Türk dünyasına üz tutan görkəmli azərbaycanlılar sırasında akademik Rafael Hüseynov xüsusi olaraq Cəlil Məmmədquluzadədən söz açıb, elə bu məruzə səslənərkən 120 yaşı tamam olan “Molla Nəsrəddin” jurnalının tarixi missiyası üzərində dayanıb.

Məruzənin ardınca özbək və azərbaycanlı gənclərin ifasında rəqslər və nəğmələrdən ibarət konsert proqramı təqdim edilib.