“İran güc nümayişi ortaya qoydu, maksimal tələblər irəli sürdü” Gündəm

“İran güc nümayişi ortaya qoydu, maksimal tələblər irəli sürdü”

“ABŞ-İsrail və İran müharibəsində, bütövlükdə prosesdə bir neçə vacib qat olsa da istənilən açıqlamada və bəyanatda belə informasiya manipulyasiyası elementləri daha aydın görünür”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova qeyd edib ki, Hörmüz boğazı üzərindən güc oyunu davam edir: “Əsas məsələ onun üzərində nəzarətdir, çünki boğaz qlobal enerji arteriyasıdır. İranın burada “nəzarət” tələbi sadəcə iqtisadi olmayıb, strateji hegemonluq iddiasıdır. Bu, ABŞ-nin regiondakı təsirinə birbaşa meydan oxumaqdırsa, qlobal nüfuzuna da zərbə vurmaqdır. İslamabada İran zəif tərəf kimi yox, şərt qoyan tərəf kimi gedir. 10 maddəlik maksimalist İran mövqeyi klassik “maksimum tələb – minimum güzəşt” strategiyasına əsaslanır. Söhbət bütün sanksiyaların ləğvindən, ABŞ qoşunlarının regiondan çıxarılmasından və kompensasiya tələbindən gedir. Bu, diplomatiyada adətən psixoloji təzyiq aləti ya da başlanğıc mövqe, yəni bazarlıq üçün şişirdilmiş paket hesab edilir”.

Politoloqun fikirlərinə görə, real ehtimal odur ki, bu tələblərin hamısı qəbul olunmaz: “ABŞ ritorikası ilə isə taktiki pauza özünü göstərir. Tramp əvvəl sərt ritorikaya, məhv etməyə getdi, sonra müddətlik, həftəlik pauzaya keçdi. Bu, klassik əvvəl eskalasiya sonra deeskalasiya modelidir. Əvvəl maksimum təzyiq yaradılır, sonra diplomatik çıxış yolu təqdim olunur. Bu, ABŞ-nin tez-tez istifadə etdiyi məcburedici diplomatiya yanaşmasıdır. Regional münaqişənin genişlənməsinə gəldikdə, şübhəsiz ki, münaqişə artıq Hizbullah və Husilər kimi proksi qüvvələrə yayılıb. Bu isə o deməkdir ki, münaqişə artıq İran–ABŞ çərçivəsindən çıxır, regional müharibə riskindədir. Bu, Yaxın Şərqdə çoxtərəfli müharibə ssenarisidir. Pakistanın bu işdə rolu isə vasitəçi diplomatiyadır. Pakistan burada neytral platforma kimi çıxış edir, bu, ölkənin beynəlxalq rolunu artırmaq cəhdidir”.

O eləcə də bildirib ki, İran ciddi geosiyasi rıçaqlar əldə edib, ABŞ hərbi mərhələdən diplomatik mərhələyə keçir, dünya enerji bazarı İran faktorundan daha asılı olur: “Gedişatla bağlı şişirdilmiş və ya qarışıq informasiya, real hadisələrin üzərinə əlavə edilmiş narrativlər çoxdur. Nəticə isə budur ki, İran güc nümayişi ortaya qoydu, maksimal tələblər irəli sürdü. ABŞ təzyiq edib, taktiki geri addım atdı, strateji baxımdan isə nəsə demək sadəcə iki tərəfdən asılı olmayacaq”.

Röya İsrafilova