Beynəlxalq Komissiya Azərbaycana itkinlərlə bağlı ilkin tətbiq üçün “yol xəritəsi” təqdim edib Siyasət

Beynəlxalq Komissiya Azərbaycana itkinlərlə bağlı ilkin tətbiq üçün “yol xəritəsi” təqdim edib

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bomberqer tərəfindən 2025-ci ilin noyabr ayında Dövlət Komissiyasına ünvanlanmış məktubda qurumun hazırladığı Məlumat İdarəetmə Sisteminin azərbaycan dilinə inteqrasiya edilmiş versiyasının Dövlət Komissiyasına təqdim olunacağı bildirilib və ilkin tətbiqi üçün “yol xəritəsi” təqdim olunub.

Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və məkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov deyib.

O bildirib ki, ICMP ilə Dövlət Komissiyası arasında təmaslar II Qarabağ müharibəsindən əvvəlki illərə təsadüf edir:

“Aparılmış müzakirələr və keçirilmiş görüşlər zamanı ICMP-nin nümayəndə heyəti tərəfindən qurumun axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə sahəsindəki imkanları və uğurları, maddi-texniki bazası, kadr potensialı və işlədiyi yeni elmi metodikalar barədə ətraflı məlumat verilmiş, qurum tərəfindən hazırlanmış elektron məlumat bazasının Azərbaycana təqdim edilməsi və aidiyyəti dövlət qurumlarının mütəxəssislərinə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat bazasının idarə edilməsi, müvafiq rəy və protokolların beynəlxalq standartlara uyğun tərtibi sahəsində təlimlərin keçirilməsinə hazır olduqları bildirilib.
Təqdim olunmuş İDMS itkin düşmüş şəxslərlə bağlı indiyə kimi mövcud olan məlumat bazalarının bir platformada yerləşdirilməsinə, aidiyyəti dövlət qurumlarının məlumatları eyni vaxt rejimində bazaya daxil etməsinə və emalına imkan yaradacaq. Proses nəticəsində məlumatların qısa müddətdə əldə olunması və qərarların operativ qəbulu mümkün olacaq.
Təklif edilən planda Azərbaycan ərazisində İDMS-in və tamamlayıcı element olan Onlayn Sorğu Mərkəzinin yerləşdirilməsi üçün xüsusi serverlər və digər avadanlıqlar Dövlət Komissiyası tərəfindən təmin edildiyi üçün tərəflərin razılığına əsasən, İDMS-in quraşdırılması və əsas modulların aktivləşdirilməsinin həyata keçirilməsi və məlumat daxiletmə və idarəetmə üzrə praktiki təlimin keçirilməsi üçün ICMP-nin Məlumat Sistemləri və Məlumatların Koordinasiyası bölməsinin iki əməkdaşı cari ilin iyun ayının əvvəlində Azərbaycana səfər edib.
Planlaşdırılan bütün proseslər başa çatdıqdan sonra hər iki qurumun rəhbəri tərəfindən ICMP proqram təminatının, o cümlədən İDMS və OICistifadəsini tənzimləyən “Son İstifadəçi Lisenziya Müqaviləsi”nin imzalanması nəzərdə tutulur.
Mühüm olan aspekt ondan ibarətdir ki, İDMS-in yerləşdiriləcəyi serverlər Azərbaycan Respublikasının ərazisində olacaq və sistemə giriş icazəsi yalnız Dövlət Komissiyasında təmsil ediləcək aidiyyəti qurumların təlim keçmiş əməkdaşlarına veriləcək.
Bununla yanaşı, sistem çərçivəsində Azərbaycan və Ermənistan vətəndaşlarına itkin düşmüş şəxslərə, o cümlədən dəfn yerlərinə dair konfidensial qaydada məlumat verilməsi imkanı yaradılacaq. Verilmiş məlumatlar yalnız humanitar məqsədlə istifadə ediləcək və məlumat verən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Burada məqsəd itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına xidmət etməkdir”.