Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir İqtisadiyyat

Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir

Ardıcıl enerji böhranları enerji səmərəliliyinin enerji təhlükəsizliyinin gücləndirilməsi, xərclərin azaldılması və iqtisadi rəqabətqabiliyyətliliyin artırılması baxımından ən təsirli vasitələrdən biri olduğunu bir daha göstərib.

“APA-Economics”in Beynəlxalq Enerji Agentliyinə (IEA, BEA) istinadən verdiyi məlumata görə, bu barədə BEA-nın icraçı direktoru Fatih Birol Monrealda keçirilən Enerji Səmərəliliyi üzrə XI Qlobal Konfransda bildirib.

Onun sözlərinə görə, konfrans çərçivəsində qəbul olunan öhdəliklər enerji səmərəliliyinin enerji siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi və daha təhlükəsiz, dayanıqlı və davamlı qlobal enerji sisteminə keçidin sürətləndirilməsi istiqamətində beynəlxalq birliyin qətiyyətini nümayiş etdirir.

Fatih Birol qeyd edib ki, 1970-ci illərin neft böhranlarının enerjidən istifadənin səmərəliliyinin artırılmasına təkan verdiyi kimi, mövcud böhran (Yaxın Şərqdəki müharibə nəticəsində yaranan böhran – red.) da enerji səmərəliliyi sahəsində tədbirlərin sürətləndirilməsi üçün katalizator rolunu oynamalıdır.