10:22
707
"Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir".
Bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov deyib.
O bildirib ki, 2023-cü ildən etibarən ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Cari ilin oktyabr ayında da Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Xüsusilə qeyd etmək istəyirəm ki, 2024-cü və 2025-ci illərdə Azərbaycanda keçirilmiş beynəlxalq konfransların yekun sənədləri BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasınınrəsmi sənədi qismində yayılıb. Bu, Azərbaycanın itkinlər mövzusuna ayırdığı diqqətə BMT strukturlarının verdiyi dəyərdir.
İnanırıq ki, hazırkı konfrans çərçivəsində aparılacaq müzakirələr də itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcək.
Sözsüz ki, itkin düşmüş şəxslərin axtarışı və şəxsiyyətinin müəyyən olunması sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat kimi ICMP mühüm rola malikdir. Bu qurumla düşünülmüş, məqsədyönlü və davamlı əməkdaşlığın itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi sahəsində bizim üçün yeni imkanlar açacağına ümid edirik.
Bununla belə, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqla yanaşı, Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumların birgə səyləri ilə qarşıya qoyulmuş böyük həcmli işlərin öhdəsindən layiqincə gələ, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə verdiyi tapşırıqları vaxtında və səmərəli icra edə bilərik”.