“Çinin çağırışı müharibənin gedişini dəyişməyəcək” Gündəm

“Çinin çağırışı müharibənin gedişini dəyişməyəcək”

Çin Rusiya və Ukraynanı sülhə nail olmaq üçün danışıqlara mümkün qədər tez başlamağa çağırıb.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, Çinin bu çağırışı diplomatik baxımdan diqqətçəkən olsa da, onun qısa müddətdə Rusiya–Ukrayna müharibəsinin gedişini dəyişdirəcəyi ehtimalı yüksək deyil: “Pekin uzun müddətdir özünü tərəflər arasında vasitəçi kimi təqdim etməyə çalışır və münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiyini bildirir. Lakin hazırkı mərhələdə həm Moskvanın, həm də Kiyevin döyüş meydanında üstünlük qazanmaq məqsədindən tam imtina etməməsi, eləcə də tərəflərin sülh şərtləri ilə bağlı mövqelərinin ciddi şəkildə fərqlənməsi bu cür çağırışların praktik nəticəsini məhdudlaşdırır”.

Onun fikirlərinə görə, bununla belə, Çinin mövqeyi beynəlxalq diplomatiya baxımından əhəmiyyətini qoruyur: “Pekin həm Rusiya ilə strateji tərəfdaşlığını saxlayır, həm də Qərblə münasibətlərini tam gərginləşdirmək istəmir. Bu səbəbdən Çin gələcək mümkün danışıqlar prosesində rol almaq və qlobal vasitəçi imicini gücləndirmək niyyətindədir. Əgər yaxın aylarda hərbi əməliyyatlar tərəflər üçün daha yüksək iqtisadi və hərbi yük yaradarsa, Çinin bu kimi təşəbbüsləri danışıqlar üçün əlavə diplomatik platformaya çevrilə bilər. Hazırkı şəraitdə isə bu çağırış daha çox siyasi mesaj xarakteri daşıyır, nəinki müharibəni dərhal dayandıra biləcək real mexanizm”.

Röya İsrafilova