
“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan əleyhinə hibrid təhdidlərə qarşı əhalinin sayıqlığının artırılması” layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib.
İctimai müzakirəni giriş sözü ilə açan “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin sədri Ruslan Xəlilov öncə layihə barədə məlumat verib.
O bildirib ki, informasiya savaşının intensivləşdiyi bir dövrdə hibrid təhdidlər ictimai-siyasi həyatımızın ayrılmaz hissəsinə çevrilib: “Təşkilatımız hibrid təhdidlərə qarşı əhalinin ayıq-sayıqlığının artırılması fəaliyyətini davam etdirir. Bu məqsədlə icrasını başa vurduğumuz bu layihə çərçivəsində araşdırma yazılar, televiziya verilişləri hazırlayaraq ictimaiyyətə təqdim etmişik. İki ay davam edən layihə çərçivəsində Azərbaycan əleyhinə hibrid təhdidlərlə bağlı 12 yazı, 4 televiziya verilişi hazırlanıb.
R.Xəlilov rəhbərlik etdiyi təşkilatın bu günə qədər ideoloji təhdidlər, informasiya savaşı, kibertəhlükəsizlik kimi mövzularla bağlı bir sıra layihələr həyata keçirdiklərini və bu sahə üzrə püxtələşdiklərini diqqətə çatdırıb.
İctimai müzakirədə çıxış edən yazıçı və jurnalist Qurban Yaquboğlu Azərbaycana qarşı yönələn hibrid təhdidlərlə mübarizədə medianın rolundan danışıb. Bildirib ki, internet üzərindən, sosial şəbəkələr vasitəsilə aparılan təhlükəli kampaniyalara qarşı mübarizədə jurnalistlərin, medianın rolu danılmazdır: “Sıravi oxucu, tamaşaçı ona təqdim olunan yazılı və ya video materiallarda həqiqətlə yalanı, ədalətli yanaşma ilə qərəzli mövqeni bəzən bir-birindən ayıra bilmir. Bu mənada juralistlərin üzərinə böyük məsuliyyət düşür. Ölkəmizdə dini, etnik müstəvilərdə qarşıdurma, gərginlik yaratmaq istəyənlərə qarşı mübarizədə ən güclü silah faktlar, peşəkar araşdırmalardır. Jurnalistlər aparılan kampaniyaların təşkilatçılarını, icraçılarını və onların məqsədlərini çılpaqlığı ilə ictimaiyyətə təqdim etmək imkanına malikdirlər”.
Sosial media eksperti Sərdar Məmmədov sosial şəbəkələr vasitəsilə Azərbaycan əleyhinə aparılan çirkin kampaniyalar barədə ətraflı məlumat verib: “Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi ərəfədə bu kampaniyalar daha da şiddətlənir. Biz həm “Avroviziya”, “Formula1” yarışları, Birinci Avropa İdman Oyunları, COP29, WUF13 konfransları zamanı bu kampaniyaların şahidi olduq. Transmilli media korporasiyaları, ölkəmizə qarşı radikal düşüncədə olanlar bu tədbirlər ərəfəsində ölkəmizdəki xırda problemləri tapıb qabardır və uzun müddən həmin mövzuları gündəmdə saxlayırlar. Təbii ki, analitik qabiliyyəti olan, informasiyaları insan bu kampaniyanın mahiyyəni dərk edir və ona əhəmiyyət vermir. Amma təəssüf ki, sıravi vətəndaşları bir çox hallarda bu kampaniyanın təsiri altına düşürlər. Bu mənada biz sosial şəbəkələrdə daha aktiv olmalı, əsl həqiqəti oxuculara çatdırmalıyıq”.
Jurnalist Tapdıq Qurbanlı Azərbaycan əleyhinə aparılan siyasi kampaniyalar barədə ətralı çıxış edib. O bildirib ki, aparılan siyasi kampaniyalar Azərbaycandan kənarda hazırlanır və təəssüf ki, bir sıra hallarda onların icraçıları öz vətəndaşlarımız olur: “Bilərəkdən və ya bilməyərəkdən bu kampaniyalara qoşulanlar, təsir altına düşənlər var. 44 günlük Vətən Müharibəsi ərəfəsində həmin qüvvələr var güclərilə Azərbaycana və ordumuza qarşı gözdənsalma, ləkələmə kampaniyası aparsalar da, heç bir nəticəsi olmadı. Çünki həmin ərəfədə xalqımız yumruq kimi birləşib dövlətimizi, ordumuzu və ölkə rəhbərliyinin siyasətini dəstəkləyirdi. Siyasi, etnik, dini kimliyindən asılı olmadan hər kəs aparılan əməliyyatlara dəstək verdi, döyüşlərə könüllü qoşuldu. Milli birliyin olması aparılan hibrid təhdidləri təsirsiz etdi. Hibrid təhdidlər bu gün də müxtəlif istiqamətlərdə davam etdirilir. Bir müddət öncə cənub qonşumuz İrana qarşı hərbi əməliyyatlar aparıldı. Azərbaycan hakimiyyəti ilk gündən bəyan etdi ki, ölkə ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına icazə verilməyəcək. Həmçinin dövlətimiz İrana humanitar yardımlar göstərdi. Buna baxmayaraq, bəzi qüvvələr Azərbaycanı bu regional savaşa sürükləməyə cəhd göstərdi, ölkə daxilində qarışıqlıq yaratmağa çalışdılar. Aparılan düzgün siyasət, siyasi maarifləndirmə tədbirləri bu kampaniyaları da uğursuzluğa düçar etdi”.
İctimai müzakirədə iştirak edən digər digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Tədbir müzakirələrlə davam etdirilib.