Finlandiya HHQ F-35 qırıcısı ilə ilk uçuşunu həyata keçirib Gündəm

Finlandiya HHQ F-35 qırıcısı ilə ilk uçuşunu həyata keçirib

Finlandiya Hərbi Hava Qüvvələri pilotların hazırlığı proqramı çərçivəsində ilk dəfə Amerikanın F-35A Lightning II qırıcısı ilə uçuş həyata keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, uçuş aprelin 15-də ABŞ-ın Arkanzas ştatındakı Ebbing aviabazasından baş tutub. Finlandiyalı pilotlar ötən ilin sentyabrından burada F-35 qırıcıları üzrə təlim keçirlər. Hazırlıq proqramında Finlandiyadan ümumilikdə 150 pilot iştirak edir. Hazırda Ebbing bazasında Finlandiya HHQ-nin təlimi üçün nəzərdə tutulmuş səkkiz qırıcı var.

Finlandiya 2022-ci ildə Amerikanın "Lockheed Martin" şirkəti ilə çoxfunksiyalı F-35A Lightning II qırıcılarının alınmasına dair müqavilə imzalayıb. Ümumilikdə 64 təyyarə alınacaq. Respublikanın HHQ-dən bildirilib ki, qırıcıların Finlandiyaya çatdırılması bu ilin payızında başlayacaq. 2028-ci ilə qədər F-35-lər Laplandiya Hava Komandanlığının, 2028-ci il ərzində isə Kareliya Hava Komandanlığının silahlanmasına veriləcək. Tam operativ hazırlığın 2030-cu ilin sonuna qədər əldə edilməsi gözlənilir.

Məryəm Quliyeva