Fransada Hörmüz boğazı üzrə beynəlxalq konfrans başlayır Gündəm

Fransada Hörmüz boğazı üzrə beynəlxalq konfrans başlayır

Cümə günü, 17 aprel tarixində Fransada, Fars körfəzi ölkələrindən neft ixracı üçün əsas marşrut olan Hörmüz boğazı vasitəsilə gəmiçiliyin blokadadan çıxarılması məsələsinə həsr olunmuş və təxminən 30 ölkənin iştirak etdiyi konfrans start götürür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Görüş Yelisey sarayında, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin həmsədrliyi ilə keçiriləcək və yerli vaxtla saat 14:00-da başlayacaq.
Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corca Meloni də görüşdə şəxsən iştirak edəcəklərini təsdiqləyiblər. Avropanın digər ölkələrinin, habelə Yaxın Şərq və Cənubi Amerikanın nümayəndələri müzakirələrə videoəlaqə vasitəsilə qoşulacaqlar.

Yelisey sarayından vurğulanıb ki, mövcud münaqişənin qlobal iqtisadi nəticələrinə görə Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi təxirəsalınmaz məsələdir.
Həmçinin dəqiqləşdirilib ki, gələcək missiya müstəsna olaraq müdafiə xarakteri daşıyacaq və o, yalnız bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasındakı hərbi əməliyyatlar dayandıqdan sonra başlayacaq.

ABŞ konfransda iştirak etmir və mümkün missiyaya cəlb olunmayacaq, lakin Fransa və müttəfiqləri onlarla məlumat mübadiləsi aparmağı planlaşdırırlar.

Məryəm Quliyeva