16:37
1 127
Ötən həftəsonu Pakistan Hərbi Hava Qüvvələri (HHQ) ABŞ ilə nəticəsiz başa çatan sülh danışıqlarından sonra İranın danışıqlar qrupunu vətənlərinə qədər müşayiət edib. Bu miqyaslı əməliyyat iranlıların İsrail tərəfindən sui-qəsd cəhdinin ola biləcəyi ilə bağlı narahatlıqlarından sonra həyata keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə üç mənbə məlumat verib.
Əməliyyatdan xəbərdar olan iki Pakistan mənbəsinin bildirdiyinə görə, nümayəndə heyətinin İslamabaddan qayıdış yolunda təhlükəsizliyini təmin etmək üçün Pakistan təxminən iki onlarla (24-ə yaxın) təyyarə, həmçinin havadan müşahidə və idarəetmə sistemini cəlb edib.
Mənbələrdən birinin sözlərinə görə, iranlılar xahiş edəcəyi təqdirdə növbəti danışıqlarda da analoji mühafizə təmin olunacaq, "əks halda Pakistan təyyarələri onları ölkənin hava məkanında qarşılayacaq".
Danışıqlarda iştirak edən üçüncü mənbə isə bildirib ki, bu həftəsonu keçirilməsi planlaşdırılan növbəti raund öncəsi artıq təhlükəsizlik tədbirləri hazırlanır.
Bununla belə, Tehranla əlaqə saxlayan regional diplomat qeyd edib ki, Pakistan müşayiət məsələsində yalnız iranlı nümayəndələrin "hipotetik" təhlükə ehtimalını qaldırmasından sonra israr edib.
İran nümayəndə heyəti ilə səfər zamanı yarana biləcək potensial təhlükə və Pakistan HHQ-nin İran hava məkanındakı iştirakı barədə daha əvvəl məlumat verilməmişdi.
"Danışıqlar uğursuzluğa düçar olduqda, iranlılar nəsə bir problemin olduğundan narahat olmağa başladılar. Onlar hədəfə çevrilə biləcəklərindən şübhələnirdilər", — deyə təhlükəsizlik xidmətindəki mənbələrdən biri bildirib.
"Pilot nöqteyi-nəzərindən bu, miqyaslı bir əməliyyat missiyası idi. Siz danışıqlara gedən nümayəndə heyətinin məsuliyyətini üzərinizə götürürsünüz, onlara havadan müdafiə təmin edirsiniz və hər hansı təhlükəni dəf edə biləcək güclü qırıcılara sahibsiniz", — deyə mənbə əlavə edib.
İki ölkə arasında 1979-cu il İslam İnqilabından bəri ən yüksək səviyyəli danışıqlarda iştirak edən mənbə hava müşayiəti faktını təsdiqləsə də, əməliyyatın detallarını açıqlamayıb.
Məryəm Quliyeva