“Türkiyə-Ermənistan sərhədinin açılması bölgənin iqtisadi inteqrasiyasını sürətləndirəcək” Gündəm

“Türkiyə-Ermənistan sərhədinin açılması bölgənin iqtisadi inteqrasiyasını sürətləndirəcək”

“Türkiyə ilə Ermənistan arasında sərhədin açılması bölgənin iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək. Sözsüz ki, bu, həm də Orta dəhlizin yükdaşıma imkanlarına müsbət təsir göstərəcək”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.

E.Kərimli əlavə edib ki, Zəngəzur dəhlizinin açılması da buna paralel həyata keçsə, sözsüz ki, bu gün Hörmüz boğazında baş verənlərin təsirlərini az da olsa azaltmaq olar: “Düzdür, bu, tam ortadan qalxmayacaq. Digər tərəfdən Ermənistanın bölgəyə inteqrasiyası sülh prosesinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək. Həmçinin Ermənistan-Türkiyə-Azərbaycan iqtisadi əlaqələrini genişləndirəcək. Bu da gələcəkdə yükdaşımların daha da sürətləndirilməsinə imkanlar yaradacaq. Eləcə də Avropaya çıxışı daha da sürətləndirəcək”.

Onun bildirdiyinə görə, eyni zamanda, Orta dəhlizin daha sürətlə işə düşməsi, yükdaşıma imkanlarının artırılmasına təsir göstərəcək: “Hesab edirəm ki, bu, həm də regionun iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək. Digər tərəfdən Türkiyənin də şimala çıxışına geniş şərait yaratmış olacaq. Düşünürəm ki, bu, həm Rusiya və Gürcüstana da alternativ, həmçinin Türkiyənin Orta Asiya, Mərkəzi Asiya və türk dövlətləri ilə də əlaqələrini daha da möhkəmləndirəcək. Bu inteqrasiya regionun və ümumi türk dünyasının iqtisadi imkanlarına geniş şərait yaradacaq”.

Röya İsrafilova