“Paşinyanın açıqlamaları gecikmiş addımdır” Gündəm

“Paşinyanın açıqlamaları gecikmiş addımdır”

“Ermənistanda daxili siyasi mübarizə fonunda həm hakimiyyət, həm də müxalif qüvvələr öz təhlükəsizlik konsepsiyalarını ön plana çıxarmağa çalışırlar”.

Bu fikirləri politoloq Şakir Ağayev xalqcebhesi.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Paşinyanın “vasitəçilərə ehtiyac yoxdur” bəyanatı əslində yeni yanaşma deyil:

“Paralel olaraq ölkədə Rusiya ilə Qərb arasında ciddi təsir savaşı gedir. Qərb Nikol Paşinyan vasitəsilə Ermənistanı öz təsir dairəsində saxlamaq istəyirsə, Rusiya da İrəvanın ənənəvi orbitindən çıxmamasına çalışır. Belə mürəkkəb şəraitdə Paşinyan hansısa bir tərəfi açıq şəkildə seçməyin onun hakimiyyəti üçün ciddi risklər yaradacağını anlayır. Ermənistan uzun illər boyu müxtəlif havadarların dəstəyi ilə Azərbaycana təzyiq göstərməyə çalışıb. İstər Minsk qrupu dövründə, istər 44 günlük müharibə zamanı, istərsə də sonrakı mərhələlərdə bu siyasət açıq şəkildə hiss olunurdu. Lakin Azərbaycan qətiyyətli mövqe nümayiş etdirərək danışıqların birbaşa və ikitərəfli formatda aparılmasını təmin etdi”.

Şakir Ağayev bildirib ki, Bakı əvvəldən hesab edirdi ki, prosesə kənar qüvvələrin müdaxiləsi onların öz maraqlarını diktə etməsinə gətirib çıxara bilər:
“Bu isə regionda sülh və normallaşma prosesinə mənfi təsir göstərə bilərdi. Azərbaycan haqlı olaraq vasitəçisiz dialoq modelini müdafiə etdi və bu gün regionda formalaşan yeni siyasi reallıqlar da məhz Azərbaycanın yaratdığı reallıqlardır”.

Politoloq vurğulayıb ki, 44 günlük Vətən müharibəsi, antiterror tədbirləri, sülh gündəliyinin formalaşması və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın siyasi iradəsi nəticəsində mümkün olub:
“Zəngəzur dəhlizi ilə bağlı gündəmin əsasını da Azərbaycan yaradıb. Bu baxımdan Paşinyanın son açıqlamaları gecikmiş bəyanat təsiri bağışlayır. O, bu gün Azərbaycanın uzun müddətdir həyata keçirdiyi siyasəti təkrarlayır”.

Günel Elxan