
“Bakıda keçirilən World Urban Forum 13-ün uğurla başa çatması həm qlobal urbanizasiya gündəliyi, həm də Azərbaycanın beynəlxalq diplomatiyası baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, forum ölkəmizin dayanıqlı şəhərsalma, yaşıl inkişaf və postmünaqişə bərpası sahəsində formalaşdırdığı modelin beynəlxalq səviyyədə təqdimatı baxımından strateji platformaya çevrildi:
“Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda belə mötəbər tədbirin Bakıda keçirilməsi dövlətimizin artan beynəlxalq nüfuzunun göstəricisidir.UN-Habitat rəhbərliyinin də qeyd etdiyi kimi, Bakı Sessiyası tarixdə ilk dəfə olaraq dövlət başçılarını, nazirləri və şəhərsalma ekspertlərini bu qədər geniş miqyasda bir araya gətirən unikal format kimi yadda qaldı. 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal əhatə dairəsini açıq şəkildə nümayiş etdirdi. Forum çərçivəsində qəbul edilən “Bakı Nəfəs Alan Şəhərlər Üçün Çağırış” kommünikesi Azərbaycanın ekoloji və urbanistik gündəmdə fəal iştirakını bir daha təsdiqlədi.Bu sənəd şəhərlərdə hava təmizliyi, yaşıl keçid və ekoloji balansın qorunması istiqamətində Bakının qlobal çağırış platformasına çevrildiyini göstərir. Azərbaycan artıq yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də dayanıqlı urbanizasiya sahəsində təşəbbüskar ölkə kimi çıxış edir”.
Deputat vurğulayıb ki, forum Azərbaycanın postmünaqişə bərpası modelinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından da mühüm rol oynayıb:
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramı, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Azərbaycan dağıdılmış əraziləri sadəcə bərpa etmir, onları gələcəyin şəhərləri konsepsiyası əsasında yenidən qurur”.
Millət vəkili bildirib ki, Ağalı kəndi kimi layihələr artıq beynəlxalq səviyyədə innovativ urbanizasiya nümunəsi kimi qiymətləndirilir:
“Alternativ enerji mənbələrinin tətbiqi, rəqəmsal idarəetmə sistemləri və innovativ kənd təsərrüfatı həlləri postmünaqişə dövrü üçün yeni inkişaf modeli formalaşdırır.
Forum çərçivəsində yaşıl enerji, rəqəmsal infrastruktur və şəhər idarəçiliyində süni intellektin tətbiqi ilə bağlı yeni əməkdaşlıq imkanları yaranıb.Dünyanın aparıcı texnologiya və urbanistika şirkətləri ilə ilkin razılaşmalar əldə olundu, beynəlxalq universitetlər və beyin mərkəzləri ilə birgə tədqiqat proqramlarının əsası qoyuldu”.
Deputatın sözlərinə görə, Azərbaycan WUF13 vasitəsilə yalnız urbanizasiya sahəsində deyil, həm də yumşaq güc siyasəti baxımından mühüm uğur əldə edib:
“Forum ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini və humanitar yanaşmasını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından mühüm platformaya çevrildi.WUF13 Azərbaycanın COP29-dan sonra qlobal ekoloji və urbanistik problemlərin həllində aparıcı moderator rolunu daha da gücləndirdi və ölkəmizin gələcəyin yaşıl və təhlükəsiz şəhərlərinin formalaşdırılmasında strateji mərkəz kimi qəbul olunmasına mühüm töhfə verdi”.
Günel Elxan