“Bakını yenidən qlobal dialoqun mərkəzi qərargahı kimi rəsmiləşdi” Gündəm

“Bakını yenidən qlobal dialoqun mərkəzi qərargahı kimi rəsmiləşdi”

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın qlobal diplomatiya və beynəlxalq münasibətlər sistemindəki strateji mövqeyini, həmçinin irimiqyaslı qlobal tədbirlərə ev sahibliyi etmək potensialını nümayiş etdirən tarixi bir hadisəyə çevrildi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov qeyd edib.

T.İsmayılov vurğulayıb ki, COP29-un qlobal miqyaslı uğurunun ardınca 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirən bu möhtəşəm forum platforması Bakını yenidən çoxtərəfliliyin, beynəlxalq əməkdaşlığın və qlobal dialoqun mərkəzi qərargahı kimi rəsmiləşdirdi: “Forumun bu günədək təşkil olunmuş ən genişmiqyaslı sessiya kimi tarixə düşməsi, rəsmi Bakının beynəlxalq arenada təkcə iştirakçı deyil, həm də qlobal gündəliyi formalaşdıran, yeni standartlar müəyyən edən etibarlı tərəfdaş və strateji moderator rolunu bariz şəkildə ortaya qoyur.”

O diqqətə çatdırıb ki, siyasi və diplomatik baxımdan yanaşdıqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən liderliyi və təşəbbüsü ilə forum tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi WUF13-ün siyasi çəkisini və statusunu keyfiyyətcə yeni mərhələyə ucaltdı: “27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların bu seqmentdə iştirakı, eyni zamanda 70-dək ölkənin nazir və nazir müavinlərinin qatıldığı Nazirlər görüşü Azərbaycanın strateji məsələlər ətrafında qlobal ictimaiyyəti səfərbər etmək rıçaqlarına sahib olduğunu sübut etdi. Nazirlər görüşünün yekununda qəbul edilən “Sədrin xülasəsi” sənədində ölkəmizin postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma modellərinin yüksək qiymətləndirilməsi, habelə beynəlxalq həmrəyliyin ifadə olunması Azərbaycanın milli maraqlarının qlobal miqyasda qəbul edilməsinin diplomatik təntənəsidir. Urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən çox kəndin daxili resurslar hesabına yenidən inşa edilməsi, "Böyük Qayıdış" Proqramının uğurlu icrası və tətbiq olunan “ağıllı şəhər/kənd” konsepsiyaları Azərbaycanı postmünaqişə bərpası sahəsində unikal qlobal təcrübə ixracatçısına çevirir”.

Politoloq həmçinin bildirib ki, WUF13 sadəcə bir müzakirə platforması olaraq qalmayıb, Azərbaycanın müəllifliyi ilə qlobal şəhərsalma arxitekturasında qalıcı institusional irs yaratdı: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən forum və qəbul edilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” kommünikesi təmiz hava və yaşıl infrastruktur mövzusunu gələcək Ümumdünya Şəhərsalma Forumlarının daimi gündəliyinə daxil etdi. Bununla yanaşı, Bakı Şəhər Mükafatının təsis olunması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında gələcək sessiyalar üçün WUF13 Bakı standartlarına əsaslanan əməliyyat təlimatının hazırlanmasına dair imzalanmış Niyyət Məktubu Azərbaycanın qlobal idarəetmədə qabaqcıl metodologiya formalaşdıran mütərəqqi aktor olduğunu təsdiqləyir. Bütün bu məqamlar göstərir ki, rəsmi Bakı qlobal çağırışlara çevik və effektiv yanaşma nümayiş etdirməklə özünün beynəlxalq nüfuzunu sarsılmaz geosiyasi və humanitar kapitala çevirməyi uğurla bacarır”.

Röya İsrafilova