“Dünya beynəlxalq tədbirlərdə artıq “Bakı standartı”nı görür” Gündəm

“Dünya beynəlxalq tədbirlərdə artıq “Bakı standartı”nı görür”

“Azərbaycanın ev sahibliyi etdiyi World Urban Forum 13 ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunu, təşkilatçılıq imkanlarını və qlobal platformalarda rolunu bir daha nümayiş etdirib”.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər artıq formalaşmış xüsusi bir standartla yadda qalır və bu yanaşma “Bakı standartı” kimi xarakterizə olunur:
“Bu standart ölkənin yüksək təşkilatçılıq qabiliyyətini və beynəlxalq etimadını göstərir.
COP29, Avropa Oyunları və WUF13 kimi tədbirlər göstərdi ki, Azərbaycan artıq qlobal miqyaslı tədbirlərin keçirilməsində xüsusi bir model formalaşdırıb. Biz bunu şərti olaraq “Bakı standartı” adlandırırıq. WUF13-də müşahidə olunan geniş iştirak Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
176 dövlətin və 5700-dən çox mütəxəssisin iştirakı təkcə statistik rəqəm deyil, bu, Azərbaycana olan beynəlxalq etimadın açıq göstəricisidir”.

Deputat əlavə edib ki, forum çərçivəsində qəbul olunan sənədlər və təşəbbüslər Azərbaycanın qlobal platformalarda rolunu daha da gücləndirir:
“Bakı tezisləri, Bakı bəyannaməsi və Bakı mükafatı kimi təşəbbüslər Azərbaycanın artıq yalnız ev sahibi deyil, həm də qlobal gündəliyin formalaşmasında iştirak edən mühüm aktor olduğunu göstərir.
Bu proseslər Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyini gücləndirməklə yanaşı, ölkənin etibarlı tərəfdaş kimi qəbul olunmasını da möhkəmləndirir”.

Günel Elxan