19:57
616
“Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində ilk dəfə təşkil edilən Liderlərin Bəyanatları Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq imkanlarının daha da güclənməsi baxımından mühüm hadisədir”.
Bu fikirləri millət vəkili Əli Məsimli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Bakının BMT-nin nüfuzlu qlobal tədbirlərindən birinə ev sahibliyi etməsi və forumda çoxsaylı dövlət və hökumət nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir:
“Bu forum Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda mühüm dialoq platformasına çevrildiyini nümayiş etdirdi. Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi isə forumun siyasi və diplomatik əhəmiyyətini daha da artırdı. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin və “Ağıllı Şəhər”, “Ağıllı Kənd” layihələrinin təqdim olunması Azərbaycanın müasir inkişaf modelinə beynəlxalq marağı artırıb.
Azərbaycanda tətbiq olunan innovativ şəhərsalma yanaşmaları artıq bir çox ölkələr üçün maraq doğuran təcrübəyə çevrilməkdədir. Bu da ölkəmizin iqtisadi və texnoloji potensialının beynəlxalq səviyyədə tanınmasına xidmət edir”.
Millət vəkili əlavə edib ki, forumun yüksək səviyyədə təşkili Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verib və ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib.
Günel Elxan