“ABŞ İranla bağlı həm diplomatik, həm də təzyiq variantlarını nəzərdən keçirir” Gündəm

“ABŞ İranla bağlı həm diplomatik, həm də təzyiq variantlarını nəzərdən keçirir”

“ABŞ-İran danışıqlarının uzanması və konkret nəticənin əldə olunmaması Vaşinqtonda ciddi narahatlıq yaradıb”.

Bu barədə politoloq Rəşad Bayramov “xalqcebhesi.az”-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarında İranın danışıqları qəsdən uzatdığı, vaxt qazandığı və daha sərt mövqe nümayiş etdirdiyi ilə bağlı fikirlər məhz bu narahatlığın ifadəsidir:

“Danışıqlar prosesinin nəticəsiz qalması ABŞ-ni narahat edir. Belə vəziyyətdə Ağ Ev diplomatik variantlarla yanaşı, digər mümkün ssenariləri də nəzərdən keçirməyə başlayır. Lakin bu cür iclasların keçirilməsi hələ birbaşa hərbi əməliyyat qərarının verilməsi anlamına gəlmir. Bu, eyni zamanda İran üzərində siyasi və iqtisadi təzyiq mexanizmlərinin gücləndirilməsi məqsədi daşıya bilər”. ABŞ-ın dəstəyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi çərçivəsində İranın nüvə fəaliyyətinə dair daha geniş məlumatların tələb olunması da Vaşinqtonun təzyiq strategiyasının tərkib hissəsidir.
ABŞ-ın əsas narazılığı ondan ibarətdir ki, Vaşinqton İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı konkret öhdəliklər gözləyir. Tehran isə uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcəyini bildirir. Tərəflər arasında əsas fikir ayrılığı məhz bu məsələ üzərində cəmləşir. İran bunu suveren hüququ kimi qiymətləndirir, ABŞ isə regional və qlobal təhlükəsizlik baxımından risk hesab edir”.

Politoloqun fikrincə, tərəflərin ritorikasında sərtləşmənin müşahidə olunması qarşıdurma risklərini artırır:
“Son dövrdə həm Vaşinqtonun, həm də Tehranın açıqlamalarında daha sərt mövqelər görünür. Bu, onu göstərir ki, tərəflər danışıqları davam etdirsələr də, paralel olaraq güc nümayiş etdirməyə çalışırlar.
Hazırkı mərhələdə ABŞ-ın məqsədinin tammiqyaslı hərbi qarşıdurma yaratmaq olduğunu demək düzgün olmaz.
Tramp administrasiyası hələ də diplomatik həll imkanlarını tam bağlamayıb. ABŞ üçün ən ideal ssenari İranın nüvə proqramına ciddi məhdudiyyətlərin qoyulması və regionun yeni müharibəyə sürüklənməməsidir. Buna görə də yaxın perspektivdə Vaşinqtonun əsas strategiyası siyasi, iqtisadi və hərbi təzyiq vasitələrindən istifadə etməklə Tehranın güzəştlərə getməsinə nail olmaq olacaq”.

Ekspert vurğulayıb ki, danışıqların tamamilə uğursuzluğa düçar olması vəziyyəti daha təhlükəli mərhələyə daşıya bilər:
“Əgər diplomatik proses tam iflasa uğrasa, qarşıdurmanın yeni mərhələyə keçməsi ehtimalı istisna deyil. Bu səbəbdən hazırda əsas məsələ tərəflər arasında kompromis imkanlarının qorunması və gərginliyin idarə olunmasıdır”.

Günel Elxan