09:28
1 183
Avstraliya Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələri və döyüş sursatları da daxil olmaqla, kritik əhəmiyyətli hərbi texnikanın satın alınması üçün əlavə 100 milyon dollar ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Vəsaitlər NATO tərəfindən koordinasiya edilən "Ukraynanın Prioritet Tələbləri Siyahısı" (PURL) mexanizmi vasitəsilə yönləndiriləcək. Avstraliya növbəti 12 ay ərzində hər biri 50 milyon dollar olmaqla iki əlavə ödəniş edəcək.
"Ukraynada baş verənlər burada, Hind-Sakit okean regionunda da böyük əhəmiyyət kəsb edir, buna görə də Avstraliyanın öz xəttini davam etdirməsi və Ukrayna öz şərtləri ilə sülhə nail olana qədər onu dəstəkləməsi çox vacibdir", — deyə Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.
Nazirliyin məlumatına görə, yeni paketi də nəzərə almaqla, münaqişənin əvvəlindən bəri Avstraliyanın Ukraynaya göstərdiyi ümumi yardımın həcmi 1,8 milyard dolları ötəcək (bura 1,6 milyard dollardan çox hərbi yardım daxildir). Avstraliya həmçinin "Kudu" əməliyyatı çərçivəsində ukraynalı hərbçilərin təlimində iştirakını davam etdirir; hazırda təlimlər Norveçin rəhbərliyi altında, "Legio" çoxmillətli əməliyyatı çərçivəsində Polşada keçirilir.
Məryəm Quliyeva