11:13
896
“İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqtisadi və maliyyə sistemində artan rolunun mühüm göstəricilərindən biridir. Prezident İlham Əliyevin tədbirin açılış mərasimində iştirakı və çıxışı isə bu platformanın ölkəmiz üçün daşıdığı strateji əhəmiyyəti bir daha nümayiş etdirdi. Son illərdə Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də nəqliyyat-logistika imkanları, yaşıl enerji layihələri, rəqəmsal transformasiya təşəbbüsləri və regional əməkdaşlıq siyasəti ilə beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
T.İsmayılovun sözlərinə görə, Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi İslam dünyası ilə əlaqələrin dərinləşməsi baxımından da xüsusi önəm daşıyır: “İslam İnkişaf Bankı uzun illərdir üzv dövlətlərdə infrastrukturun inkişafı, sahibkarlığın təşviqi və sosial layihələrin dəstəklənməsi istiqamətində mühüm fəaliyyət göstərir. Bu baxımdan toplantı Azərbaycanın yeni investisiya imkanlarını təqdim etməsi, biznes əlaqələrini genişləndirməsi və iqtisadi tərəfdaşlıq imkanlarını artırması üçün əlverişli platformadır”.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də ölkəmizin dayanıqlı inkişaf, iqtisadi şaxələndirmə və regional sabitlik istiqamətində həyata keçirdiyi siyasətin nəticələridir: “Müasir dövrdə geosiyasi və iqtisadi çağırışların artdığı şəraitdə Azərbaycanın etibarlı tərəfdaş və məsuliyyətli aktor kimi qəbul olunması təsadüfi deyil. İllik Toplantının Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun, həm də İslam dünyasında əməkdaşlıq və inkişaf proseslərinə verdiyi töhfənin növbəti təsdiqidir”.
Röya İsrafilova
12:22
189
12:20
308
11:55
483