14:30
847
“Süni intellektin minatəmizləmə prosesində tətbiqi işlərin daha sürətli və dəqiq aparılmasına imkan yaradır”.
Bunu hərbi ekspert Səxavət Məmmədov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, ANAMA-nın minatəmizləmə sahəsində süni intellekt və innovativ texnologiyaların tətbiqi istiqamətində addımlar atması mühüm əhəmiyyət daşıyır:
“Hazırda dünyanın heç bir ölkəsində minatəmizləmə prosesi tam şəkildə süni intellekt vasitəsilə həyata keçirilmir. Minaların aşkarlanması və zərərsizləşdirilməsi əsasən klassik üsullarla, yəni insanların və xüsusi texnikaların iştirakı ilə aparılır. Bununla belə, süni intellekt bu prosesin planlaşdırılması və idarə olunmasında böyük üstünlüklər yaradır. Süni intellektlə işləyən dronlar geniş ərazilərin qısa müddətdə analiz edilməsinə imkan verir.Dronlar havadan minlərlə görüntü toplayır və süni intellekt alqoritmləri həmin görüntülər əsasında torpaq qatındakı dəyişiklikləri, köhnə səngərləri, partlayış izlərini və mina təhlükəsinin yüksək olduğu əraziləri müəyyən edə bilir. Bəzi müasir sistemlər isə yer səthinə yaxın dərinlikdə yerləşən plastik minaların aşkarlanmasına da kömək edir. Bu texnologiyalar minatəmizləmə prosesini bir neçə dəfə sürətləndirə bilər.Bütün hesablamalar göstərir ki, süni intellektdən istifadə planlaşdırma və ərazilərin qiymətləndirilməsi mərhələsini təxminən beş dəfə sürətləndirir. Əvvəllər müəyyən bir əraziyə daxil olmaq üçün həftələrlə, bəzən isə aylarla planlaşdırma aparılırdısa, indi bu işləri daha qısa müddətdə həyata keçirmək mümkündür. Bu da həm xəritələrin hazırlanmasını, həm də əməliyyatların təşkilini xeyli asanlaşdırır”.
Hərbi ekspert vurğulayıb ki, bütün bunlara baxmayaraq, minaların zərərsizləşdirilməsi hələ də klassik üsullarla həyata keçiriləcək:
“Texnologiyalar prosesi sürətləndirir, lakin minaların çıxarılması və zərərsizləşdirilməsi hələ də insanların və xüsusi texnikaların iştirakı ilə aparılır. Bu sahədə insan amili hələ də əsas rol oynayır. Azərbaycanın minatəmizləmə sahəsində topladığı təcrübə gələcəkdə ölkəni bu istiqamətdə qabaqcıl dövlətlərdən birinə çevirə bilər. Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra da mina təmizləmə sahəsində təcrübə qazanıb. İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin miqyası bu təcrübənin daha da inkişaf etməsinə şərait yaradır. Hesab edirəm ki, bu istiqamətdə işlər davamlı şəkildə gücləndirilsə, Azərbaycan minatəmizləmə sahəsində dünyanın aparıcı ölkələri sırasında yer ala bilər”.
Günel Elxan
17:45
665
17:43
609
17:04
910