
“Azərbaycan-Özbəkistan münasibətləri 2024-cü ildə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldilib. Xalqlar arasındakı tarixi-mədəni münasibətlərin zamanın və siyasi sistemlərin fövqündə duran xarakteri bu münasibətlərin siyasi müstəvidə də əbədi dostluq olaraq möhürlənməsinə gətirib çıxardı. Cənab Prezident İlham Əliyevin ən son Özbəkistan səfərində iki ölkə arasında "Əbədi Dostluq haqqında" Müqavilə imzalandı. Beləliklə, tarix sanki yenidən qarşımızda canlandı”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
O söyləyib ki, Qədim İpək yolu vaxtilə Özbəkistanla Azərbaycanı Qərbə birləşdirdiyi kimi, bu gün Orta Dəhliz adını verdiyimiz yeni geosiyasi layihə Şərq-Qərb dəhlizinin ayrılmaz bir parçası olmaqla yanaşı, eyni zamanda, Özbəkistan və Azərbaycan xəttində yeni əməkdaşlıqlara yol açır: “Necə ki, iki xalqın ədəbi zirvəsində yer alan 12-ci əsr ədibləri Nəvai və Nizami bir-biri ilə isti münasibətlərə sahib idilərsə, bu gün Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr yaşayır, inkişaf edir, Türk Dünyasının ortaq təhsil-mədəni ocaqları formalaşır. 14-cü əsrin sərkərdəsi Əmir Teymur Özbəkistan siyasi sistemində olduğu qədər Azərbaycan tarixi yaddaşında da silinməz iz buraxıb. 20-ci əsrdə 1966-cı ildə Daşkənddə dağıdıcı zəlzələ olanda Azərbaycanlılar özbəklərə öz evlərinin qapılarını açıb, şəhərin bərpasında rol alıb. Bu gün özbək qardaşlarımız Qarabağda erməni işğalının izlərini silməkdə, bərpa və quruculuqda Azərbaycanın yanında yer alır. Azərbaycan Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Sovet dövründə Türk toplumlarına qarşı ayrı-seçkilik, təxribat siyasətinin nümunəsi olan "Pambıq işində" Özbəkistanı dəstəkləmişdi, bu təxribatçı siyasətə qarşı çıxmışdı. Özbəkistan isə daima müstəqillik dövründə Azərbaycanın haqlı mövqeyinin prinsipial dəstəkçilərindən olub, 2008-ci ildə BMT-də qəbul olunan, Ermənistan silahlı qüvvələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnaməyə Mərkəzi Asiyadan "lehinə" səs verən yeganə dövlət Özbəkistan olub”.
Ş.Cəlilzadənin sözlərinə görə, müasir dövr iqtisadi əlaqələri gücləndirməyi siyasi münasibətlərin təməl faktoru olaraq şərtləndirir: “Odur ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər sürətlə inkişaf etdirilir. Qarşıdakı illər üçün illik 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi qoyulub. 2025-ci ildə bu rəqəm 800 milyon dollara yaxınlaşıb. İki ölkənin qarşılıqlı investisiya fondu yaradılıb ki, bu, birgə layihələrin maliyyələşdirilməsinə imkan verir. Azərbaycan və Özbəkistan iqtisadi münasibətlərinin inkişafı həm də Türk Dünyasında iqtisadi inteqrasiyanın da güclənməsi demək olub, bu çərçivədə də mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, sadəcə Özbəkistanla deyil, Mərkəzi Asiya ilə münasibətlər strateji xarakter almaqdadır. 2025-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının daimi iştirakçısına çevrildi. Bu, qurulmaqda olan yeni geosiyasi arxitekturanın ilkin işarəsidir. Belə ki, artıq dünya şimal və cənub dəhlizlərindən imtina edərək orta dəhlizə yönəlir. Bu, şimalda Rusiyanın, cənubda İranın strateji resurslarından qlobal və ya regional hegemonluq üçün istifadə etməsinə və səbəb olduğu regional gərginliklər, müharibələr, münaqişələr səbəbilə iqtisadi tarazlığın pozulmasına bir cavab olaraq qiymətləndirilməlidir”.
Siyasi şərhçi sonda əlavə edib ki, Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışını təmin etməklə yanaşı, bu istiqamətdə artıq təməli qoyulan real layihələr var - Yaşıl Enerji Dəhlizi, Trans-Xəzər fiber optik xətti, multimodal nəqliyyat-logistika marşrutu və s. Cənab Prezident Özbəksitan səfərində Azərbaycan və Mərkəzi Asiyanı vahid geosiyasi və geo-iqtisadi region olaraq xarakterizə etdi: “O, eyni zamanda bu vahid regionda əməkdaşlıq üçün daha böyük potensialın gələcəkdə üzə çıxarılmasından bəhs etdi. Hazırda bu potensial tam gücüylə realizə olunmaqdadır”.
Röya İsrafilova