“Azərbaycan Türk dünyası ilə əlaqələri gücləndirir” Siyasət

“Azərbaycan Türk dünyası ilə əlaqələri gücləndirir”

“Azərbaycan Prezident İlham Əliyevin 2024-cü ilin fevralında andiçmə mərasimində səsləndirdiyi “Bizim evimiz Türk evidir, bizim evimiz Türk dünyasıdır” tezisini bu gün real siyasi addımlarla həyata keçirir”.

Bu sözləri politoloq Azad Məsiyev “xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığını genişləndirməsi bunun bariz nümunəsidir:

“İstər Qırğızıstan, istər Qazaxıstan, istər Türkmənistan, istərsə də Özbəkistana səfərlər bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Xüsusilə Prezidentin Özbəkistana son dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında dostluq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, xalqlarımız arasında əbədi dostluğun əsaslarının gücləndirilməsi bu siyasətin mühüm istiqamətlərindəndir”.

Politoloq qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı dövlətlərindən biri kimi həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın inkişafında fəal rol oynayır.

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırdı. Bu reallıq təkcə regional deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif qlobal güclərin maraqlarını uzlaşdırmaqla yanaşı, Türk dövlətləri ilə əməkdaşlığını da genişləndirir”, - deyə A.Məsiyev vurğulayıb.

Onun sözlərinə görə, iqtisadi münasibətlərin inkişafı siyasi əlaqələrin möhkəmlənməsinə də ciddi təsir göstərir:

“İqtisadiyyat siyasətlə, siyasət isə iqtisadiyyatla sıx bağlıdır. Bu iki kateqoriya bir-birini balanslaşdırmalıdır. Azərbaycan-Özbəkistan münasibətlərində də bu balans özünü aydın şəkildə göstərir. Qarşılıqlı sərmayə qoyuluşlarının artması, iqtisadi əlaqələrin genişlənməsi siyasi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.

A.Məsiyev bildirib ki, Azərbaycanın Orta Dəhlizin inkişafında fəal iştirakı da Mərkəzi Asiya ölkələri ilə əlaqələrin strateji əhəmiyyətini artırır:

“Orta Dəhliz layihəsi Azərbaycan üzərindən reallaşan mühüm nəqliyyat və logistika istiqamətlərindən biridir. Azərbaycan bu layihənin aparıcı iştirakçılarındandır və Mərkəzi Asiya respublikalarının Avropa bazarlarına çıxışında mühüm rol oynayır. Bu baxımdan Türk dövlətləri ilə nəqliyyat, logistika, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusi önəm daşıyır”.

Politoloq hesab edir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafında mənəvi və mədəni inteqrasiya da mühüm yer tutur:

“Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, milli-mənəvi dəyərlər və dostluq münasibətləri birləşdirir. Bu əlaqələrin mədəni, humanitar və digər sahələrdə inkişafı xalqlar arasında qarşılıqlı etimadı daha da gücləndirir”.

A.Məsiyev qeyd edib ki, Azərbaycanın Türk dövlətləri ilə əlaqələrinin genişlənməsi uzunmüddətli perspektivdə Türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir:

“Prezident İlham Əliyevin Mərkəzi Asiya respublikalarına, xüsusilə Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstana səfərləri həm ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlığın güclənməsinə imkan yaradır. Bu proses Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının dərinləşməsinə aparan mühüm mərhələdir”.

Günel Elxan