
“Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin son illərdə sürətlə inkişaf etdiyini və münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdi”.
Bunu millət vəkili Naqif Həmzəyev “xalqcəbhəsi.az”a açıqlamasında söyləyib.
O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artımı bu münasibətlərin dinamik inkişafını əyani şəkildə göstərir:
“2025-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Bu dinamikanın təsadüfi olmadığını 2026-cı ilin ilk beş ayının göstəriciləri də təsdiqləyir. Yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Ardıcıl dövrlərdə müşahidə olunan bu artım əlaqələrin konyunktur xarakter daşımadığını, davamlı inkişaf tendensiyasının formalaşdığını göstərir”.
Deputat vurğulayıb ki, Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərində əsas dəyişiklik yalnız ticarət göstəricilərinin artması ilə məhdudlaşmır:
“Əvvəlki mərhələlərdə iqtisadi əlaqələr əsasən mal və xidmət mübadiləsi üzərində qurulurdusa, hazırda Azərbaycan və Özbəkistan birgə kapital, birgə istehsal və uzunmüddətli investisiya layihələri həyata keçirirlər. Bu baxımdan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla təsis edilən şirkət hər iki ölkənin müxtəlif iqtisadi sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsi üçün mühüm platformaya çevrilib”.
Naqif Həmzəyev qeyd edib ki, iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi münasibətlərin davamlılığı baxımından xüsusi önəm daşıyır:
“Azərbaycan və Özbəkistan arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti də bu baxımdan mühüm rol oynayır. Artıq komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən növbəti iclasda iqtisadi-ticari əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş müzakirə olunub. Bu cür institusional mexanizmlər qarşıya qoyulan hədəflərin ardıcıl şəkildə reallaşdırılmasına imkan verir”.
Deputat əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının genişlənməsi də regionun iqtisadi inteqrasiyası baxımından mühüm hadisədir:
“2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə təsis etdiyi ‘Yaşıl Dəhliz Birliyi’ MMC-si Mərkəzi Asiya ilə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini göstərir. Bu layihələr yalnız enerji sahəsində deyil, bütövlükdə regionlararası iqtisadi əlaqələrin və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.
Naqif Həmzəyev bildirib ki, bütün bu göstəricilər Azərbaycan–Özbəkistan münasibətlərinin sadə ticarət əlaqələrindən daha geniş məzmun daşıdığını göstərir:
“Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər ticarət mübadiləsindən struktur baxımından daha dərin, layihə əsaslı və institusional cəhətdən möhkəmləndirilmiş tərəfdaşlıq modelinə doğru inkişaf edir. Hesab edirəm ki, qarşıdakı dövrdə birgə investisiyaların, istehsal layihələrinin, enerji və nəqliyyat əməkdaşlığının genişlənməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verəcək”.
Günel Elxan