“Azərbaycan Mərkəzi Asiyanın Avropaya açılan qapısıdır” Gündəm

“Azərbaycan Mərkəzi Asiyanın Avropaya açılan qapısıdır”

“Azərbaycan Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi körpü rolunu oynayır”.

Bu sözləri politoloq Vaqif Hüseyn “xalqcəbhəsi.az”a açıqlamasında bildirib ki,

Onun sözlərinə görə, Azərbaycanın bu mövqeyi xüsusilə Mərkəzi Asiya dövlətlərinin Avropa və dünya bazarlarına çıxışında mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan Avropa ilə Asiya arasında mühüm əlaqələndirici rola malikdir. İqtisadi baxımdan ölkəmiz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya, xüsusilə türk dövlətlərinin Avropaya və ümumilikdə Qərbə açılması üçün əsas marşrutlardan birinə çevrilib”.

Politoloq qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiyada, xüsusilə Özbəkistanla münasibətləri dərinləşdirməsi təsadüfi deyil:

“Özbəkistan Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir. Bu, həm əhalisinin sayına, həm iqtisadi potensialına, həm də inkişaf tempinə görə özünü göstərir. Təbii ki, Qazaxıstan da regionun güclü dövlətlərindəndir. Lakin Özbəkistan xüsusilə son illərdə regional və beynəlxalq müstəvidə çəkisini əhəmiyyətli dərəcədə artırıb”.

Vaqif Hüseyn vurğulayıb ki, Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistanın xarici siyasətində ciddi dəyişikliklər baş verib:

“Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra Özbəkistanın həm region ölkələri, həm də türk dövlətləri ilə münasibətlərində yeni mərhələ başladı. Əvvəlki dövrdə Daşkənd Türk dünyası ilə inteqrasiya proseslərinə daha ehtiyatlı yanaşırdı. Son illərdə isə bu yanaşma əhəmiyyətli şəkildə dəyişib və Özbəkistan Türk dünyası ilə əməkdaşlığın fəal iştirakçılarından birinə çevrilib”.

Politoloqun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafında siyasi amillərlə yanaşı, ortaq tarixi, milli-mədəni və dil bağları da mühüm rol oynayır:

“Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasında mühüm mərkəzlərdən biridir. Bu baxımdan ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı təbii və qanunauyğundur. Azərbaycan türk dünyasının ideoloji, siyasi və mədəni mərkəzlərindən biri kimi digər türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır”.

O əlavə edib ki, Azərbaycanın xarici siyasətində diversifikasiya yalnız müxtəlif siyasi və iqtisadi bloklarla münasibətlərin balanslaşdırılması ilə məhdudlaşmır:

“Diversifikasiya təkcə hansısa bloklar arasında seçim etmək deyil. Burada ölkənin yerləşdiyi coğrafiya, mənsub olduğu dil ailəsi, tarixi və mədəni bağları da mühüm rol oynayır. Azərbaycan bu baxımdan Türk dünyası ilə yaxınlaşmanı xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı da bu strategiyanın mühüm tərkib hissəsidir”.

Vaqif Hüseyn bildirib ki, Mərkəzi Asiyada yalnız türk dövlətləri deyil, Tacikistan kimi digər ölkələrlə də münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın regional siyasətinin əhatə dairəsini genişləndirir.

“Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrinin daha da gücləndirilməsi son dərəcə mühümdür. Çünki bu əməkdaşlıq həm Azərbaycanın regional mövqeyini möhkəmləndirir, həm də Mərkəzi Asiyanın dünya və Avropa bazarlarına çıxış imkanlarını genişləndirir”, - deyə politoloq qeyd edib.

Günel Elxan