
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətin bərpa edilməyəcəyini və hətta təşkilat tərəfindən Ermənistanın üzvlükdən çıxarılması qərarının İrəvan üçün arzuolunan olacağını bildirməsi Ermənistanın Rusiya ilə münasibətlərində formalaşan yeni mərhələnin mühüm siyasi göstəricisidir. Bu açıqlama təsadüfi və yalnız KTMT-nin fəaliyyəti ilə məhdudlaşan mövqe deyil. Söhbət Ermənistanın uzun illər Rusiya ilə qurduğu təhlükəsizlik modelinə münasibətinin dəyişməsindən və xarici siyasətinin tədricən yeni geosiyasi istiqamətə yönəldilməsindən gedir. Amma Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdığını söyləmək hələ mümkün deyil. Daha doğru yanaşma ondan ibarətdir ki, İrəvan Moskvanın siyasi-hərbi təsirini azaltmağa, təhlükəsizlik və xarici siyasət əlaqələrini şaxələndirməyə və Qərblə münasibətləri institusional səviyyəyə çatdırmağa çalışır. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın KTMT ilə münasibətlərində yaranmış böhran 2020-ci ildən sonra daha da dərinləşib. İrəvan təşkilatı ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın gözləntilərinə uyğun davranmamaqda ittiham edərək KTMT-nin fəaliyyətində iştirakını faktiki olaraq dayandırdı”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
A.Qurbanova bildirib ki, sonrakı mərhələdə isə Ermənistanın ABŞ, Avropa İttifaqı və Fransa ilə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməsi bu prosesə yeni məzmun qazandırdı: “Beləliklə, KTMT-də iştirakın dondurulması artıq müvəqqəti narazılıq deyil, Ermənistanın təhlükəsizlik siyasətinin yenidən nəzərdən keçirilməsinin tərkib hissəsinə çevrilib. Paşinyanın son açıqlaması isə bu kursun geri dönüş ehtimalının yaxın perspektivdə kifayət qədər aşağı olduğunu göstərir. İrəvanın məqsədi Rusiyadan bütün istiqamətlər üzrə birdəfəlik uzaqlaşmaqdan daha çox özünün təhlükəsizlik təminatlarını diversifikasiya etmək və Moskvanın əvvəlki dominant rolunu zəiflətməkdir. Ermənistanın Rusiya ilə iqtisadi, enerji, ticarət və nəqliyyat əlaqələri kifayət qədər genişdir. Eyni zamanda, ölkənin Avrasiya İqtisadi Birliyi çərçivəsində mövcud bağlılığı da nəzərə alınmalıdır. Ona görə də, hərbi-siyasi istiqamətdə Qərbə yaxınlaşma ilə iqtisadi münasibətlərdə Rusiyadan asılılığın tam aradan qaldırılması eyni vaxtda baş verməyə bilər. Bu isə Ermənistanın qarşıdakı dövrdə olduqca mürəkkəb balans siyasəti aparacağını göstərir. İrəvan bir tərəfdən Qərbin siyasi və təhlükəsizlik imkanlarından yararlanmaq, digər tərəfdən isə Rusiya ilə münasibətlərin tam qarşıdurma mərhələsinə keçməsinin qarşısını almaq istəyir”.
Politoloq qeyd edib ki, Ermənistanın KTMT-dən formal çıxması baş verərsə, bunun ilk ciddi geosiyasi nəticəsi Rusiyanın Cənubi Qafqazdakı institusional mövqeyinin zəifləməsi olacaq: “Ermənistan təşkilatın regiondakı yeganə üzvüdür və onun çıxışı KTMT-nin Cənubi Qafqazda təhlükəsizlik mexanizmi kimi rolunu faktiki olaraq aradan qaldırmış olacaq. Lakin bu Rusiyanın regiondan tamamilə çəkilməsi demək deyil. Moskvanın Azərbaycan və Ermənistanla iqtisadi əlaqələri, regional kommunikasiya proseslərində iştirakı, enerji və digər sahələrdə mövcud imkanları onun Cənubi Qafqazdakı təsir mexanizmlərinin qorunub saxlanmasına imkan verir. Ona görə də, Ermənistanın KTMT-dən çıxışını Rusiyanın regionda məğlubiyyəti kimi təqdim etmək də düzgün olmaz. Daha real mənzərə ondan ibarətdir ki, Moskvanın Ermənistan üzərində təhlükəsizlik təsiri zəifləyir və Rusiya regional siyasətində əvvəlki alətlərdən fərqli mexanizmlərə daha çox ehtiyac duyur. Ermənistan üçün isə məsələ daha mürəkkəbdir. KTMT-dən çıxmaq siyasi baxımdan Rusiyadan məsafənin artırılması demək olsa da, bu addım avtomatik şəkildə yeni və etibarlı təhlükəsizlik təminatı yaratmır”.
O eləcə də deyib ki, Ermənistan Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirə bilər, lakin Avropa İttifaqı ilə siyasi yaxınlaşma və ayrı-ayrı Qərb dövlətləri ilə hərbi əməkdaşlıq KTMT-nin kollektiv müdafiə mexanizminin birbaşa analoqu deyil: “Digər tərəfdən, Ermənistanın Qərbə yaxınlaşması Türkiyənin regiondakı rolunu da yeni kontekstdə aktuallaşdırır. Azərbaycan-Türkiyə müttəfiqliyi, regional nəqliyyat və enerji layihələri, həmçinin Türk dünyası ilə əlaqələrin genişlənməsi fonunda Cənubi Qafqazda geosiyasi qüvvələr balansı dəyişir. Ermənistanın xarici siyasət vektorunun dəyişməsi bu proseslərlə paralel gedir. Nəticə etibarilə, Paşinyanın KTMT ilə bağlı son mövqeyi Ermənistan-Rusiya münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Ermənistan artıq Moskvanın rəhbərlik etdiyi təhlükəsizlik sisteminə əvvəlki kimi bağlı qalmaq niyyətində deyil. Lakin bu Rusiyadan tam və dərhal uzaqlaşmaq olaraq ifadə edilə bilməz”.
A.Qurbanovanın söylədiyinə görə, iqtisadi və digər qarşılıqlı asılılıqlar Ermənistanı Moskva ilə münasibətləri müəyyən səviyyədə saxlamağa məcbur edir: “Buna görə qarşıdakı mərhələ Ermənistanın “Rusiyanın təsir daurəsindən çıxıb Qərblə yaxınlaşmasında” daha çox, iki geosiyasi istiqamət arasında yeni balans axtarışı ilə xarakterizə oluna bilər. KTMT-dən formal çıxış baş verərsə, bu Cənubi Qafqazda Rusiyanın əvvəlki təhlükəsizlik arxitekturasının zəifləməsini rəsmiləşdirəcək və Qərbin regiondakı rolunun artması üçün əlavə imkan yaradacaq. Lakin yaranacaq yeni reallığın necə formalaşacağı Ermənistanın bundan sonrakı siyasətindən, Rusiya-Qərb rəqabətinin miqyasından və ən əsası Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq. Azərbaycan üçün prioritet isə dəyişməz olaraq qalır. Regionda sülhün və sabitliyin qorunması, dövlətlərin suverenliyinə hörmət, kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və Cənubi Qafqazın yeni geosiyasi qarşıdurma məkanına çevrilməsinin qarşısının alınması Azərbaycanın əsas prioritetləridir. Ermənistanın KTMT-dən çıxması yalnız bu prinsiplərə xidmət etdiyi halda regional sabitlik üçün müsbət nəticə yarada bilər. Əks halda, Ermənistanın bir təhlükəsizlik modelindən uzaqlaşaraq başqa geosiyasi qarşıdurmanın tərəfinə çevrilməsi Cənubi Qafqaz üçün yeni risklər formalaşdıra bilər”.
Röya İsrafilova