08:16
455
“Azərbaycan ənənəvi olaraq Avropa ölkələri ilə çox sıx siyasi və iqtisadi əlaqələr qurub. Amma dünya dəyişir, indi dünyada qloballaşma prosesi gedir. Asiya regionu çox sürətlə inkişaf edir. Azərbaycan üçün Asiya regionunda yeni iqtisadi imkanlar açılır”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Deputat söyləyib ki, Laos ilə əlaqələrin qurulması bizə həm yeni iqtisadi imkanlar, yeni bazarlar açır, eyni zamanda da beynəlxalq platformalarda biz əlavə müttəfiq, dost qazanırıq: “Nəzərə almaq lazımdır ki, Laosun yerləşdiyi region Çinə yaxındır. Çinlə də bizim sıx əlaqələrimiz var. Yəni nəqliyyat dəhlizlərinin, Orta Dəhlizin inkişaf etdirilməsi və s. istiqamətdə əlaqələrimiz mövcuddur. Ümumiyyətlə götürsək, Azərbaycan yeni bazarlar axtarışındadır və bu bazarlardan biri Laos da ola bilər”.
F.İsmayılzadə bu münasibətlərdə humanitar əlaqələri də qeyd edib: “Humanitar əlaqələrdə hazırda Azərbaycan təhsil proqramları yerinə yetirir, təqaüd proqramları verir, xarici gənclərin Azərbaycanda təhsilini həyata keçirir. Bundan əlavə, QHT sektorunun əlaqələri, biznes icmalarının əlaqələri də bizim üçün çox vacibdir. O mənada biz Laosla böyük perspektivlər görürük”.
Röya İsrafilova