
Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi, mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilir. Bu torpaq xalqımızın yaddaşında yalnız özünəməxsus təbiəti və tarixi ilə deyil, həm də uzun illər davam edən işğalın yaratdığı ağrılar, doğma yurda qayıdış arzusu və azadlıq mübarizəsi ilə xüsusi yer tutur.
İllərlə həsrətində olduğumuz bu şəhərin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, bölgənin gələcək inkişafı üçün də yeni imkanlar açdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi milli tariximizin yaşadılması və qazanılmış Zəfərin yaddaşlarda əbədiləşdirilməsi baxımından mühüm addım olub. Həmin Sərəncama uyğun olaraq, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar tarix uzun illər davam edən həsrətin sona çatmasını, doğma yurda qayıdış ümidinin gerçəkləşməsini və Füzulinin yeni inkişaf mərhələsinə qədəm qoymasını təcəssüm etdirir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov qeyd edib ki, Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək uzanan maili düzənlikləri və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəddir, cənub sərhədi isə Araz çayı, İran İslam Respublikasının sərhədyanı əraziləri boyunca uzanır. Ərazidən keçən Quruçay, Köndələnçay və Çərəkənçay bölgənin təbii su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır. Sahəsi 1386 kvadratkilometr olan Füzulinin tarixi XIX əsrin əvvəllərinə gedib çıxır. Əvvəllər Qarabulaq adı ilə tanınan yaşayış məntəqəsi 1930-cu ildə rayon statusu alaraq Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli qoyulub.
Deputat diqqətə çatdırıb ki, Füzuli rayonu qədim tarixə və zəngin mədəni irsə malik olmaqla yanaşı, çoxsaylı tarixi-dini abidələri ilə də seçilir. Babı kəndində yerləşən XIII əsrə aid səkkizguşəli Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsr Mirəli türbəsi, Əhmədalılar kəndinin orta əsr qəbiristanlığında yerləşən türbə, eləcə də XIX əsrə aid Cəlil türbəsi bu torpağın qədim keçmişini və xalqımızın memarlıq ənənələrini özündə yaşadan qiymətli tarixi nümunələrdir. Lakin Füzulinin tarixi yalnız onun qədim abidələri və mədəni irsi ilə məhdudlaşmır. Rayon uzun illər müharibənin ağır nəticələri ilə üzləşib, əhalisi doğma yurdlarından didərgin düşüb. 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Birinci Qarabağ müharibəsi zamanı rayon sakinləri torpaqların müdafiəsi uğrunda böyük fədakarlıq göstəriblər. Həmin dövrdə 663 füzulili şəhid olub, 400 nəfərə yaxın sakin müharibə əlilliyi alıb, 181 nəfər isə əsir götürülüb və ya, itkin düşüb. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilib.
Buna baxmayaraq, Füzuli şəhəri və rayonun digər əraziləri uzun müddət işğal altında qalıb. Beləliklə, doğma torpaqlarından ayrı düşən minlərlə insanın qayıdış arzusu illərlə davam edən həsrətə çevrilib.
K.Bayramov vurğulayıb ki, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Füzulinin azadlığı uğrunda gedən ağır döyüşlərlə yadda qaldı. Ermənistan silahlı qüvvələri təxminən 30 il ərzində təmas xətti boyunca güclü müdafiə istehkamları quraraq bu istiqaməti keçilməz mövqeyə çevirməyə çalışmışdı. Bir sıra hərbi mütəxəssislər Füzulinin azad edilməsinin uzun müddət tələb edəcəyini ehtimal etsələr də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək düşmənin müdafiə xətlərini yarıb keçdi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də işğaldan azad olundu. Vətən müharibəsi ərzində rayonun ümumilikdə 62 yaşayış məntəqəsinin azad edilməsi Füzuli istiqamətində qazanılan hərbi uğurun miqyasını göstərirdi.
Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında göstərdiyi iradə və şücaət düşmənin müqavimətini qıraraq tarixi Qələbəyə mühüm töhfə verdi. Füzulinin azadlığı uğrunda döyüşlərdə xüsusi igidlik göstərən hərbi qulluqçuların əməyinə dövlət səviyyəsində yüksək qiymət verildi. Prezidentin müvafiq sərəncamları ilə 25 325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. İşğaldan azad edilməsindən sonra Füzulinin qarşısında duran əsas vəzifələrdən biri uzun illər ərzində vurulmuş ziyanın aradan qaldırılması, ərazinin mina təhlükəsindən təmizlənməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılması oldu. Rayon minalarla çirklənmiş ərazilər sırasında xüsusi yer tutur. İlkin qiymətləndirmələrə əsasən, burada 100 mindən çox minanın basdırıldığı bildirilir. Bu təhlükə insanların doğma yurda qayıdışını çətinləşdirməklə yanaşı, yenidənqurma işlərinin miqyasına və sürətinə də təsir göstərir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırıqları əsasında Füzulidə genişmiqyaslı bərpa və quruculuq tədbirləri həyata keçirilir. Şəhərin müasir tələblərə uyğun yenidən qurulması, infrastrukturun bərpası və sakinlərin dayanıqlı yaşayış şəraiti ilə təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu prosesin mühüm mərhələlərindən biri Nazirlər Kabinetinin 18 mart 2023-cü il tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi olub. Baş plan şəhərin gələcək inkişafının, müasir şəhərsalma prinsipləri əsasında qurulmasının və əhalinin rahat yaşayışı üçün zəruri şəraitin formalaşdırılmasının əsas istiqamətlərini müəyyənləşdirir.
K.Bayramov əlavə edib ki, dövlət başçımızın Füzuliyə mütəmadi səfərləri şəhərin bərpası və gələcək inkişafı istiqamətində görülən işlərə xüsusi təkan verir. Dövlət başçısının iştirakı ilə çoxmənzilli yaşayış məhəllələrinin, “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndinin, eləcə də Pirəhmədli, Dədəli, Cuvarlı, Qoçəhmədli, Qarğabazar və Qaraxanbəyli kəndlərində quruculuq layihələrinin təməli qoyulub. Bununla yanaşı, Mərkəzi Rayon Xəstəxanası, Peşə Liseyi, İdman Kompleksi, uşaq bağçaları və inzibati binaların inşası bölgədə sosial infrastrukturun inkişafına xidmət edir.
Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistanın dövlət və hökumət başçılarının Füzuliyə səfərləri də şəhərin beynəlxalq diqqət mərkəzində olduğunu və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərinə marağın artdığını göstərir. Hazırda Füzuli dağıntıların aradan qaldırıldığı, müasir infrastrukturun qurulduğu və yeni yaşayış məkanlarının yaradıldığı şəhər kimi inkişaf edir. Burada həyata keçirilən layihələr əhalinin rahat yaşayışını təmin etməklə yanaşı, rayonun iqtisadi və sosial potensialının gücləndirilməsinə, bölgənin gələcək inkişafına da zəmin yaradır. Füzulinin yenidən qurulması Azərbaycanın azad edilmiş torpaqlarda həyatın bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına verdiyi önəmin bariz nümunəsidir.
Göründüyü kimi, 17 oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının azadlıq iradəsini, Ordumuzun qəhrəmanlığını və dövlətimizin quruculuq əzmini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün həm də doğma torpaqlarına qovuşan insanların sevincini, milli həmrəyliyimizi və Füzulinin yenidən dirçəlməsini təcəssüm etdirir.
Cavid