Dövlət Qarabağda sahibkarlara vergi güzəştləri verəcək İqtisadiyyat

Dövlət Qarabağda sahibkarlara vergi güzəştləri verəcək

Zəngilanın Ağalı kəndinə böyük qayıdışın başlanması ilə işğaldan azad olunmuş torpaqlarımızda sivil həyat yenidən bərpa olunur və bu proses getdikcə daha da böyüyəcək, bütün post-konflikt əraziləri əhatə edəcək. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdacaqlar. İnsanların qayıdışı ilə yanaşı burada iş yerlərinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi çox vacib əhəmiyyətə malik mühüm məsələlərdəndir. İnsanları o torpaqlara bağlaycaq mühüm faktordur. Yeni iş yerlərinin yaradılmasında isə dövlət sektoru ilə yanaşı özəl sektroun, sahibkarlığən inkişafı mühüm rola malik olacaq. Çünki iş yerlərini daha çox sahibkarlar yaradacaqlar. Buna görə də hökumət işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafını müxtəlif iqtisadi rıçaqlar vasitəsilə dəstəkləyəcək, o cümlədən uzunmüddətli vergi güzəştləri veriləcək.

Bu yaxınlarda vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin sahibkarların maraqlarını təmsil edən ictimai birliklərlə birgə müzakirə çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Nazirlik yanında İctimai Şura arasında keçirilən görüşdə DVX-nin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “Növbəti ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib. Qarşılıqlı müzakirə şəraitində keçirilən tədbirdə növbəti il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri ilə yanaşı, ötən dövrlər ərzində aparılmış islahatların müsbət nəticələri barədə də İctimai Şura üzvlərinə ətraflı məlumat verilib. Nicat İmanov dəyişikliklərin əsas istiqamətlərindən olan investisiya mühitinin, eləcə də yerli istehsalın təşviqi üçün vergi yükünün azaldılması məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən vergiödəyicilərinə vergi təşviqlərinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Görüş iştirakçılarına dəyişikliklər paketində sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması, habelə bir sıra inzibatçılıq müddəalarının dəyişdirilməsi kimi istiqamətlər barədə də məlumat verilib.

Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.

Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad edilə bilər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Artıq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi və Ağdam rayonlarında sahibkarlarla görüşlər keçirilib, eləcə də müvafiq rayonlarda KOB dostları fəaliyyətə başlayıb. Ağdam rayonu üzrə KOB dostu ofisi Heydər Əliyev Mərkəzində, Ağcabədi rayonunda isə Bayraq Muzeyində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.

Mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair KOB dostuna müraciət edə bilərlər. KOB dostları müvafiq rayonlarda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən agentliyin xidmətləri çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək. KOB dostları, həmçinin sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələlər agentliyin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindəndir, Qarabağ iqtisadi rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1000-dək müraciət daxil olub. Xarici iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.

Sahibakrlar da bilirlər ki, Qarabağda biznes qurmaları üçün onlara dövlət dəstəyi olacaq. Artıq konkret addımlar da atılır. Məsələn, Azərbaycanın azad edilmiş ərazilərindəki sənaye parklarında (Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parkları) bir sıra əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur. Prezidentin 10 dekabr 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncamına əsasən, orada fəaliyyət göstərən sahibkarlara əlavə güzəştlər tətbiq olunur. Söhbət bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi kimi əlavə güzəştlərdən gedir. Azad edilmiş ərazilərdə rezidentlər həm mövcud, həm də hazırlanmaqda olan güzəştlərdən yararlana biləcəklər. Mənfəət vergisindən azad olunma və digər təşviqlər sahibkarların sənaye zonalarının ərazisində biznes yaratmaq üçün marağının artmasına xidmət edir.

Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

Cari ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələrinə Bərdə-Ağdam (44,5 kilometr, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 kilometr, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (12 kilometr, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 kilometr, 2 hərəkət zolaqlı), Qubadlı-Eyvazlı avtomobil yolları (28,5 kilometr, 2 hərəkət zolaqlı) daxildir.

Gələn il Əhmədbəyli-Füzuli-Şuşa (81,6 kilometr, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70,4 kilometr, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut (39,7 kilometr, 4 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yollarının (26,4 kilometr, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin (834,1 kilometr, 2 hərəkət zolaqlı) və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin başa çatdırılması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,9 kilometr, 4-6 hərəkət zolaqlı), Ağdam-Füzuli (64,8 kilometr, 4 hərəkət zolaqlı), Toğana-Kəlbəcər-İstisu (81,6 kilometr, 2-4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolları (76,3 kilometr, 2-4 hərəkət zolaqlı) layihələrinin başa çatdırılması proqnozlaşdırılır.

Mahir Həmzəoğlu