Neftin qiyməti və Rusiya siyasəti İqtisadiyyat

Neftin qiyməti və Rusiya siyasəti

1979-cu ilin dekabrında Sovet qoşunları Əfqanıstanı işğal etdi. Həmin vaxtlar neftin qiyməti bir barrel üçün 101 dollar idi. Neft qiymətlərinin yüksək olması və Qərbi Sibirdə neft istehsalının sürətlə artması Sovet İttifaqını misli görünməmiş gəlirlə təmin edirdi. Sovet hökuməti bu pulları pis günləri üçün saxlamaq əvəzinə xarici sərgüzəştləri və ərzaq idxalına xərclədi. Yeddi il sonra Brent markalı xam neftin qiymətinin 30 dollara düşməsi ilə Mixail Qorbaçov "Yenidənqurma" və Qərblə yaxınlaşma siyasəti başlatdı. Neft qiymətləri yüksək olan vaxt təcavüzkar olan Sovet İttifaqı qiymət düşdükcə daha demokratik olmağa və Qərblə dostluq əlaqələri qurmağa başladı.
"Economist" yazır ki, neft qiymətlərinin Sovet İttifaqının siyasəti ilə bu əlaqəsi təəccübləndirici deyil – Sovet İttifaqının mərkəzləşdirilmiş iqtisadi sistemində bütün ixracatın 67 faizi neft və qaz gəlirlərinin payına düşürdü. Ancaq Sovet İttifaqı dağıldıqdan və bazar iqtisadiyyatına keçdikdən sonra da vəziyyət dəyişmədi, neft və qaz Rusiyanın ixrac gəlirlərinin əsas mənbəyi olaraq qaldı. Vladimir Putin vəzifəyə gəldiyi vaxt bir barrel neftin qiyməti 25 dollar idi. Putin Amerika ilə müttəfiq oldu, NATO-nun Baltikyanı dövlətlərdə genişlənməsinə etiraz etmədi və NATO-ya daha da yaxınlaşmaq üçün 11 sentyabr hadisələrindən istifadə etdi. Yeddi il sonra neft qiyməti yenidən artaraq 105 dollara çatdı. Bu zaman isə Rusiya Gürcüstanı işğal etdi və Amerika ilə əlaqələr kəskin şəkildə pisləşdi. Qlobal maliyyə böhranından sonra isə neft qiymətlərinin 67 dollara düşməsi ilə Rusiya Barak Obamanın "ölkələr arasında münasibətlərin yaxşılaşdırılması" cəhdini qəbul etdi. Heç bu cəhd də uğurlu olmadı.
Ötən iki il ərzində Rusiya xaricdə aqressiv mövqeyini artırıb. Şərqi Ukraynanın işğalı və Krımın ilhaq edilməsi neft qiymətlərinin 100 dollardan yuxarı olduğu vaxta təsadüf edirdi. Ancaq bu səfər neft qiymətləri düşdükcə Putin nə Qərbə, nə də qonşularına qarşı dost mövqeyinə qayıtmadı. 2015-ci ilin sentyabrında Rusiya bu səfər on illər sonra ilk dəfə Yaxın Şərqdə - Suriyada hərbi müdaxiləyə əl atdı. Rusiya indiyə qədər də burda müttəfiqi Prezident Bəşər Əsədin dəstəyi ilə, əsas etibarilə, hökumət əleyhinə çıxan üsyançılara qarşı hava hücumlarını davam etdirir. Rusiyanın bu neftlə zəngin regionda hərbi varlığı Türkiyə ilə noyabr ayında yaşanan gərginlikdən sonra beynəlxalq əlaqələrinin sərhədini də sınaqdan keçirmiş oldu.
Rusiyanın xaricdə hərbi əməliyyatları artmağa, neft qiymətləri isə düşməyə davam etdikcə Putin rejimi ilə neft qiyməti arasındakı rəqabəti xoşbəxt sonluq gözləmir.