BVF-dən inflyasiya proqnozu İqtisadiyyat

BVF-dən inflyasiya proqnozu

Böyük neft gəlirləri inflyasiya təzyiqi də yaradır

Tərlan

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 4,2% səviyyəsində proqnozlaşdırır. "APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin hazırladığı "World Economic Outlook" (WEO) hesabatında qeyd olunub. Hesabata əsasən, bu il Azərbaycanda inflyasiya 3,4%, 2015-ci ildə 4,5% təşkil edəcək.
Xatırladaq ki, bundan öncə fondun hesablamalarına görə, cari ildə Azərbaycanda inflyasiyanın 5%, 2015-ci ildə 4,6% səviyyəsində olacağı gözlənilirdi. Bununla yanaşı, BVF 2014-cü ildə Azərbaycanın tədiyyə balansının profisitini ÜDM-in 15%-i, 2015-ci ildə 9,9%-i, 2019-cu ildə 4,6%-i səviyyəsində proqnozlaşdırır.
Bu il Azərbaycanda valyuta bazarında sabitlikdir. Dövlət büdcəsinin gəlirlərinin 75%-i neftdən asılı olan ölkəmizin bəxti onda gətirir ki, dünya bazarında "qara qızıl" bahadır. Büdcədə neftin qiyməti 100 dollar nəzərdə tutulduğu halda qiymətlər 110 dollar ətrafında dəyişir. Habelə yüksək inflyasiya təhlükəsi və milli valyutanın məzənnəsinin kəskin dəyişməsi riski də yoxdur. Hazırda dolların kursu 78,30-78,70 qəpik arasındadır. Bir sıra müstəqil iqtisadçılar manatın dollara nisbətən kursunun tədricən 80 qəpikdən 1 manata qədər dəyişməsini təklif etsələr də, Mərkəzi Bank sabit məzənnə siyasəti yürüdür. Bu isə o deməkdir ki, ilin sonunadək dolların kursu elə 78-79 qəpik ətrafında dəyişəcək. Azərbaycan hökumətinin 2014-cü il dövlət büdcəsinin proqnoz göstəricilərinin dolların 2009-2013-cü ilin orta illik məzənnəsi əsasında hesablanması buna əsas verir. Belə ki, builki dövlət büdcəsinin gəlirləri və əsas makroiqtisadi göstəricilərin hesablamasında dolların məzənnəsi 78-79 qəpik səviyyəsində götürülüb ki, bu da keçən ilin məzənnəsindən fərqlənmir. Beləliklə, çox güman ki, hökumət stabil valyuta siyasətini davam etdirərək, manatın dollara qarşı məzənnəsinin hazırkı səviyyədə qalmasına şərait yaradacaq.
Azərbaycana neft dollarının axını artdıqca, ölkədə milli valyutanın - manatı məzənnəsi də dollara nisbətən qüvvətlənib. Hazırda dolların orta kursu 78,5 qəpikdir. Bir ara hökumət dolları manata nisbətən bahalaşdırmaq fikrindəydi və bunu ixracın stimullaşdırılması zəruriyyətiylə izah edirdi. Amma inflyasiya elə yüksək həddə çatdı ki, hər şey dəyişdi. İndi isə Mərkəzi Bank manatın daha nəzərə çarpan dərəcədə möhkəmlənməsinin və ya ucuzlaşmasının qarşısını alır. Əslində hökumət bu məsələdə "qızıl orta" prinsipini seçib, manatın kursunun yerindən tərpənməməsini əsas məqsəd götürüb. Daha yüksək inflyasiyanı cilovlamaq üçün manatın məzənnəsini süni yolla tənzimləyirlər. Əgər Azərbaycanın xarici bazarlara xam neftdən başqa əhəmiyyətli həcmdə sənaye məhsulları çıxara bilmədiyini nəzərə alsaq, onda manatın dollara və avroya nisbətən kəskin dəyişməməsi müsbət hal sayıla bilər.
Qlobal iqtisadi böhranın davam etməsi neft ölkələri də daxil olmaqla bütün inkişafda olan dövlətlər, o cümlədən Azərbaycan üçün bir sıra risklər, xüsusən də inflyasiya təzyiqi yaradır. Amma Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nın proqnozları 2014-cü ildə də ölkədə iqtisadi artımın olacağını göstərir.
Azərbaycanın bəxti gətirir ki, strateji valyuta ehtiyatlarına malikdir. Ölkənin valyuta ehtiyatları artaraq 50 milyard dollara çatıb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalı üçün kifayət edir. Eyni zamanda, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur. Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti təxminən 70%-ə yaxındır. Bu göstəriciyə görə Azərbaycan dünyada ilk 15-likdədir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və ya güclü "makroiqtisadi bufer" formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyi əlverişlidir.
Böyük neft gəlirləri isə inflyasiya təzyiqi də yaradır. Əslində Mərkəzi Bank yenə də süni yol seçib: manatı möhkəmləndirməklə bahalaşmanın qarşısını alırlar. Bazara daxil olan pul kütləsinə nəzarət effekti yaratmaq istəyirlər. Təsadüfü deyil ki, ölkədə qiymət artımı müşahiə edilir. Ancaq bunu süni amillərlə izah edənlər də var. Məsələn, Kənd Təsərrüfatı Hazirliyi məhz belə düşünür.
Ölkədə əhalinin gəlirləri rəsmən artsa da, insanlar qazancını daha çox ərzaq mallarının alınmasına yönəldir. Yəni, ölkəmizdə yaşayış xərcləri üstünlük təşkil edir. Makroiqtisadi təhlilin dünya praktikasında qəbul edilmiş normalarına əsasən demək olar ki, Azərbaycanda ərzaq mallarının alınmasına çəkilən xərclərin xüsusi çəkisi - 70 faiz həddən artıq yüksək rəqəmdir.