2024-cü ilin dövlət büdcəsi İqtisadiyyat

2024-cü ilin dövlət büdcəsi

Hökumət 2024-cü ilin dövlət büdcəsinin layihəsini hazırlayıb. Layihə Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq bəyənilib. Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib və yekun qərarın əks olunduğu layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Maliyyə Nazirliyinin ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408,0 milyon manat artırılıb və müvafiq olaraq gəlirlər 34173,0, xərclər isə 36763,0 milyon manata çatdırılıb.
Növbəti ilin büdcəsində də neftin orta qiyməti 60 dollardan hesablanıb. Hazırda bu dünya bazarında “qara qızıl”ın hər bareli 100 dollaradək bahalaşıb. Növbəti ildə də qiymətlərin yüksək olacağı gözlənilir. Əgər gəlirlər proqnozlardan artıq olarsa, büdcənin xərclərinin artırılması məsələsinə gələn ilin ortalarında yenidən baxıla bilər. Hansı ki, oxşar ssenari 2023-cü ildə baş verdi. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. İlin əvvəlində bu rəqəm 50 dollar idi. Sonra artım meyillərini nəzərə alaraq hökumət orta qiyməti 60 dollara qaldırmaqla yanaşı, dövlət büdcəsinin gəlirlərini və xərclərini də yüksəldi. Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 30,774 milyard manatdan 3 milyard manat və ya 9,8 faiz artırılaraq 33,8 milyard manata yüksəldildi. Dövlət xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36,6 milyard manata çatdırıldı. Dövlət büdcəsinin kəsiri 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat oldu. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il vəsonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı gözlənilir. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir.
2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxil olmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13865,0 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1122,0 milyon manat və ya 7,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə1678,0 milyon manat və ya 10,8 faiz azdır. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12781,0 milyon manatı və ya 37,9 faizi Dövlət Neft Fondundan transfertin, 5900,0 milyon manatı və ya 17,5 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831,0 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmaların, 388 milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin payına düşür.
2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12781,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcək.
2024-2027-ci illər ərzində xarici dövlət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları və ya ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır. 2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən Aqrarkredit QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcunun 2027-ci ilin sonunda 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcmində qərarlaşacağı gözlənilir. Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacağı proqnozlaşdırılır.
Növbəti ildə büdcənin gəlir siyasətinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması. Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur. Bunlar maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsidir.
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi planlaşdırılır. Sərnişin vəyükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi və tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakları siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakların reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması aparılacaq.
Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, vergi ödəyicisinin vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcək.
2024-cü il üzrə dövlət büdcəsinin xərcləri əsiyasətinin əsas istiqamətləri Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlərin icrasıdır.
2024-cü ildə dövlət büdcəsindən iqtisadi fəaliyyət xərclərinə 7380,0 milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6421,0 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə1871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərə 4542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz) və s. vəsait yönəldilməsi proqnozlaşdırılır.

Mahir Həmzəoğlu